AZ

Avropa İttifaqı Rusiyanın neft gəlirlərini hədəfə alır: Patriarx Kirill də sanksiya siyahısına düşə bilər - "Politico"

 
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini hazırlayır...
 
Avropa İttifaqı (Aİ) gələn həftənin sonunadək Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırmağa çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Məlumatına görə, yeni məhdudiyyətlərin Moskvanın əsas gəlir mənbələrindən biri olan neft ixracına, bank sektoruna, sanksiyalardan yayınmaq üçün istifadə edilən "kölgə donanması" və Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilli əhatə edəcəyi gözlənilir.
 
Neft gəlirlərinə yeni zərbə
 
Müzakirə olunan əsas təkliflərdən biri Rusiya neftinə tətbiq edilən qiymət tavanının mövcud səviyyədə saxlanılmasıdır. Hazırda bir barel üçün müəyyən edilmiş 44,10 dollarlıq həddin qüvvədə qalma müddəti bu yay başa çatır. Əgər yeni qərar qəbul edilməsə, həmin limit avtomatik şəkildə yüksələcək.
 
Aİ ölkələri isə qiymət tavanının dəyişmədən qalmasını istəyirlər. Bu addım neft qiymətlərinin artmasından Rusiyanın əlavə gəlir əldə etməsinin qarşısını almağa hesablanıb. Bununla belə, diplomatlar bildirirlər ki, Rusiya neftinin tam qadağan olunması və ya dəniz daşımalarına ümumi qadağa qoyulması hazırda real görünmür.
 
"Kölgə donanması" və enerji nəhəngləri hədəfdədir
 
Yeni paket çərçivəsində Rusiyanın enerji sektorunun əsas oyunçularından olan "Lukoyl" və "Rosneft" şirkətlərinə qarşı mövcud sanksiyaların uzadılması da nəzərdən keçirilir. Bununla yanaşı, Qərb məhdudiyyətlərini aşmaq üçün istifadə edildiyi bildirilən Rusiya "kölgə donanması"na daxil olan tankerlərə və onlara xidmət göstərən şirkətlərə qarşı yeni tədbirlərin tətbiqi gözlənilir.
 
Patriarx Kirill yenidən gündəmdə
Sanksiyalar siyahısına daxil edilə biləcək şəxslər arasında Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də var. O, uzun müddətdir ki, Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqlərindən biri hesab olunur və Kremlin siyasətini açıq şəkildə dəstəkləyir. Qeyd edək ki, Patriarx Kirilə qarşı sanksiya tətbiq etmək cəhdi daha əvvəl də olub. Lakin həmin təşəbbüs Macarıstan tərəfindən bloklanıb.
 
Fransa tankeri saxlayıb
 
Bu arada Fransa hakimiyyəti "Tagor" adlı neft tankerinin saxlanıldığını təsdiqləyib. Parisin məlumatına görə, gəmi Qərb sanksiyalarından yayınmaq məqsədilə istifadə edilən Rusiya "kölgə donanması"nın bir hissəsi ola bilər.
 
Bundan əvvəl isə Aİ üzv dövlətlərinin liderlərinin Brüsseldə toplaşaraq sanksiyaların yenilənmə müddətinin altı aydan bir ilə qədər artırılması məsələsini müzakirə edəcəkləri bildirilib. Bu dəyişiklik qəbul olunarsa, Rusiyaya qarşı məhdudiyyətlərin qüvvədə saxlanılması prosesi daha sabit və uzunmüddətli xarakter ala bilər.
Seçilən
17
1
moderator.az

2Mənbələr