AZ

Dövlət qulluğuna qəbul imtahanlarından uğurla keçənlər iş tapa bilmirlər – Çıxış yolu nədir? - AÇIQLAMA

“Dövlət qulluğunda səmərəliliyin artırılması üçün ilk növbədə qəbul mexanizminin nəticəyönümlü olması vacibdir. Hazırda imtahandan uğurla keçən, lakin uzun müddət vakant vəzifələrə təyin oluna bilməyən xeyli gənc var. Bu həm insan resurslarının səmərəsiz istifadəsinə, həm də gənclərin motivasiyasının azalmasına səbəb olur. Maaşların artılması dövlət qulluğunun cəlbediciliyini yüksəldən müsbət addımdır. Biz son illər əməkhaqqılarının artırıldığını görürük. Bu, təbii ki, müsbət təsirini göstərməkdədir. Lakin dövlət qulluğuna qəbul imtahanından uğurla keçmiş şəxslərin bilik və bacarıqlarının sistemdə istifadə olunması da ən azı bunun qədər vacibdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev deyib.

Samir

Deputat bildirib ki, əsas məqsəd yalnız işləyən dövlət qulluqçularının sosial rifahını yaxşılaşdırmaq deyil, həm də dövlət qulluğuna qəbul olunmaq üçün hazırlıq keçmiş və uğur qazanmış vətəndaşların potensialından səmərəli istifadə etmək olmalıdır: “Hesab edirəm, şəffaflığın artırılması, vakansiyaların daha açıq idarə olunması və ehtiyat kadr mexanizminin təkmilləşdirilməsi bu sahədə mövcud narazılıqların azalmasında mühüm töhfə verə bilər. Bir neçə istiqamətdə addımlar atılması zəruridir. Birincisi, vakant vəzifələr barədə məlumatların tam və operativ şəkildə ictimaiyyətə açıqlanması təmin edilməlidir. İmtahandan uğurla keçmiş namizədlər üçün vahid elektron kadr bazası daha fəal işlədilməli, dövlət qurumları vakansiyalarının ilk növbədə həmin bazadan doldurmaları təklif edilməlidir. Dövlət qurumlarının insan resurslarına olan tələbatı əvvəlcədən planlaşdırılmalı, keçirilən imtahanların sayı və istiqamətləri real kadr ehtiyaclarına uyğunlaşdırılmalıdır. Müsahibə mərhələsində şəffaflıq daha da artırılmalı, qiymətləndirmə meyarları və nəticələrin əsaslandırılması namizədlər üçün daha əlçatan olmalıdır. İkinci vacib məsələ - imtahandan keçmiş, lakin hələ işlə təmin edilməyən şəxslər üçün dövlət qurumlarında təcrübə proqramları və müvəqqəti məşğulluq mexanizmləri işlənilib hazırlanmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 3 İyun 2026, 13:49   
Seçilən
24
pravda.az

1Mənbələr