Rusiyanın nəzarətində olan Ukraynanın Donetsk vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücuma məruz qalıb. Hadisə nəticəsində çoxsaylı insan tələfatının olduğu bildirilir.
News365.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Moskva ilə Simferopol arasında hərəkət edən avtobus Yenakiyevo şəhəri yaxınlığında zərbə alıb. Hücumun pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirildiyi qeyd olunur.
Bölgədə Rusiyanın təyin etdiyi administrasiyanın rəhbəri Denis Puşilinin açıqlamasına əsasən, hadisə zamanı azı yeddi nəfər həyatını itirib. Bundan başqa, 11 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və onların tibb müəssisələrinə yerləşdirildiyi bildirilib.
Yaralıların vəziyyəti ilə bağlı ətraflı məlumat verilməsə də, zərərçəkənlərin hamısına tibbi yardım göstərildiyi qeyd olunur.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Hücumun detalları və məsuliyyət məsələsi ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
News365.az