Türkiyə sərhədinə yaxın yerləşən Yunanıstanın Dədəağac şəhəri son günlər yenidən diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, yunan mətbuatında yayılan iddialara görə, bölgədə mövcud olan hərbi-logistika obyektlərinin gələcəkdə daha qalıcı hərbi mərkəzə çevrilməsi mümkündür.
Müzakirələr ABŞ-ın Afinadakı səfiri Kimberli Quilfoylun Dədəağaca səfərindən sonra daha da güclənib. Səfər zamanı bölgədəki hərbi obyektlərə baxış keçirən səfir, Dədəağacın ABŞ üçün strateji və həyati əhəmiyyət daşıdığını bildirib.
Egey sahilində, Türkiyə və Bolqarıstan sərhədinə yaxın yerləşən Dədəağac son illərdə NATO və ABŞ üçün mühüm logistika mərkəzlərindən birinə çevrilib. Xüsusilə Ukrayna müharibəsindən sonra bölgənin Qara dəniz və Şərqi Avropaya hərbi daşımalar üçün alternativ marşrut kimi istifadəsi artıb.
Yunanıstan mediasında yayılan məlumatlarda isə hazırda əsasən daşımalar və təlimlər üçün istifadə olunan infrastrukturun, Giritdəki Suda körfəzinə bənzər daimi hərbi mərkəzə çevrilə biləcəyi iddia olunur. Lakin bu barədə ABŞ və ya Yunanıstan tərəfindən rəsmi təsdiq verilməyib.