AZ

Azərbaycanda DƏHŞƏT: Bıçağı anasının boğazına sapladı

Qaradağ rayonunda 2024-cü ildə baş vermiş dəhşətli qətlin detalları məlum olub.

Cinayət işi sənədlərində hadisənin Ümid qəsəbəsi, 9-cu Ümid küçəsi, 38 ünvanında baş verdiyi bildirilir.

Oğlu tərəfindən öldürülən 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın meyiti boğaz nahiyəsinə bıçaq batmış vəziyyətdə aşkar edilib.

Qətli törədən 35 yaşlı Kamran Şükürzadə könüllü olaraq 38-ci Polis Bölməsinə gələrək təslim olub.

Qaradağ rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aybəniz Şükürovanın bədənində 24 xəsarət aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Aybəniz Şükürova oğluna tüfeyli həyat tərzi keçirdiyi üçün dəfələrlə irad bildirib. Elə bu zəmində də aralarında ailədaxili münaqişələr yaranıb.

Belə münaqişələrdən birində, iyulun 20-i saat 8 radələrində Kamran Şükürzadə əlində bıçaqla evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb və müstəsna rəhmsizliklə onun bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə qadın ürəyin, qaraciyərin və sol böyrəyin zədələnməsi üzündən baş vermiş daxili və xarici qan itirmə nəticəsində dünyasını dəyişib.

İş üzrə dindirilmiş Kamran Şükürzadə bildrib ki, atası Etibar Şükürov yük avtomaşınınin sürücüsüdür, anası Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında aşpaz işləyib. O, 2014-cü ildə xalası qızı Rəqsanə ilə rəsmi nigaha daxil olub və bu nikahdan 2 övladları dünyaya gəlib. 2018-cı ildə rayon məhkəməsinin hökmü ilə atası dələduzluq əməlinə görə 2 il 9 ay müddətinə azadlıqdan məhrum olunub. Ailədaxili mübahisələr də atası cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra başlayıb.

K.Şükürzadə bildirib ki, uzun illər bu mübahisələr səngiməyib, valideynləri daim onu təhqir edib və ondan ailəsini başqa yerə aparmağı tələb ediblər. Bu söz-söhbətlərə görə, 2022-ci ildə o, işdə olarkən qayınatası evlərinə gəlib, arvadını və uşaqlarını Yevlax şəhərinə aparıb. Bu məsələdən sonra valideynləri ilə münasibəti daha da kəskinləşib. Hadisədən bir gün əvvəl növbəti dəfə valideynləri ilə dalaşıb. Əsəbiləşib evdən çıxıb. Bir neçə saat qəsəbədə gəzəndən sonra evə qayıdıb. O zaman artıq valideynləri yatıbmış, bu səbəbdən də onları öldürməyib. İyulun 20-i səhər saat 7 radələrində yuxudan oyanıb, həyətdə iş görən anası onu söyüb və evdən getməsini tələb edib. O da evdən çıxıb marketə gedib və tərkibində spirt olan 2 energetik içki alıb içib. Daha sonra evə qayıdıb. Zirzəmiyə girərək bıçağı götürüb və onu söyən anasına yaxınlaşaraq zərbələr endirib. Sonuncu zərbədə bıçaq anasının boğazına sancılmış vəziyyətdə qalıb. O, qaçmağın mənasız olduğunu anlayıb və Salyan şosesinə çıxaraq taksi ilə bölməyə gedib.

Məhkəmə iclasında Kamran Şükürzadə bildirib ki, əməlindən peşmandır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Aytəkin Həsənova ifadəsində göstərib ki, iyulun 20-də qonşusu zəng edərək atasıgilin qapısının qarşısında təcili yardım maşının dayandığını deyib. Buna görə o, dərhal atasıgilə gəlib. Amma hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyib.

Təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib, ona qanuna müvafiq cəza verilməsini xahiş edib.

Şahid Etibar Şükürov bildirib ki, iyulun 20-də işdə olanda qayını zəng edib, hadisə barədə məlumat veriblər. Oğlu ilə münasibəti pis olmayıb, bəzən sözünə qulaq asmayanda, onu tənbeh edib. Mərhum anası uşaqların içində hamıdan çox Kamranı istəyib. Kamran boşanandan sonra arvadının doğmaları gəlib cehizləri evdən aparıblar, bundan sonra oğlu çox əsəbi olub. Onlar da Kamrana daim səbirli olmasını məsləhət görüb, hər şeyin keçəcəyini söyləyiblər. Yəqin ki, hadisə buna görə baş verib.

Məhkəmədə elan olunmuş şahid Rəqsanə Şükürzadənin ifadəsinə əsasən, Kamran ailəsini dolandıra bilmədiyi, həmçinin ona qarşı şiddət göstərdiyi üçün boşanmaq qərarına gəlib. 2024-cü il martın 28-də Yevlax rayon məhkəməsinin qərarı ilə boşanıblar. Bundan sonra, Kamranı bir daha görməyib. Boşanmamışdan əvvəl qayınanası rayona gələrək, nəvələrini görüb. Kamran həmişə aqressiv olub, onu və övladlarını döyüb, təhqir edib. Narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı yoxdur. Kamranın ata-anası ilə münasibəti soyuq olub. İyulun 20-də Aysel adlı keçmiş qonşusu ona hadisə haqda məlumat verib.

Məhkəmə qənaətə gəlib ki, Şükürzadənin əməli istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli müəssisədə çəkməklə Kamran Şükürzadə 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

News24.az

Seçilən
21
2
musavat.com

3Mənbələr