Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Bakıda bir neçə dəqiqə yağış yağanda küçələrin və həyətlərin su ilə dolması artıq adi haldır. Şəhərin böyük hissəsinin beton və asfaltdan ibarət olması bu problemi daha da dərinləşdirir. Dünyanın bir çox şəhərləri, məsələn, Sinqapur, Seul və Kopenhagen “süngər şəhər” modelini tətbiq edərək güclü yağışların qarşısını alır, parklar salır, yaşıllığı artırır və su keçirən asfaltlardan istifadə edirlər. Bu şəhərlərdə yağış suyu torpaq və süni göllər vasitəsilə sorulur, amma Bakıda ağaclar kəsilir, mövcud yaşıllıqlar isə azaldılır. Nəticədə, hər kəs şəhərin su basqınlarına məruz qalmasının şahidi olurSinqapur, Seul və Kopenhagen kimi şəhərlərin “süngər şəhər” modelini Bakıya tətbiq etmək mümkündürmü?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Ümumdünya Reklamçılar Birliyinin üzvü, memar Cahid Həsənov bildirib ki, o dövrdə istifadə olunan borular, turbalar və izolyasiya indiki texnologiyalara cavab vermirdi: “Bakının su-kanalizasiya sistemi ilə bağlı məsələlərə baxdıqda, bunu akademik bir yanaşma tələb etmədən də demək olar ki, bütün bu fəsadlar ona görə meydana gəldi ki, sistem 40-50, bəzən 80 il əvvəl, Sovetlər Birliyi dövründə çəkilmişdi. O zamanlar Bakı şəhərində təxminən 1 milyon əhali yaşayırdı. Təbii ki, 30-50 ilin içində Bakı meqapolis şəhərinə çevrildi, əhali sayı milyondan 3-4 dəfə artdı, həmçinin şəhərə hər il 4-5 milyon qonaq gəlir. Bu zaman ərzində iaşə obyektləri, restoranlar və yaşayış massivlərinin çoxalması həmin Sovet dövründə inşa edilmiş sistemin bu yükü daşıya bilməməsinə səbəb oldu.
Bu ildən etibarən qərar verildi ki, sistem tamamilə dəyişdirilsin. Nəzərə alaq ki, Sovetlər Birliyi dövründə tikilsə belə, hətta 4-5 milyon əhali üçün nəzərdə tutulmuş olsa da, istismar müddəti artıq bitmişdi. O dövrdə istifadə olunan borular, turbalar və izolyasiya indiki texnologiyalara cavab vermirdi.
Sistem Sovet texnologiyası ilə hazırlanmışdı: armatur, tökmə beton kimi materiallar çatlayırdı, borular atılan yerlərdə partlaq-partlaq vəziyyətdə idi. Qaynaq yerlərində çürümələr var idi və suyun ötürülməsində problemlər yaranırdı. Hətta 4-5 milyon əhali üçün hesablanmış olsa da, sistem artıq kifayət qədər effektiv deyildi.
Ümumiyyətlə, Sovetlər Birliyi dövründə aydındır ki, beynəlxalq səviyyədə bu işlər getmirdi, o ki qaldı kanalizasiya və xəndəklərə, o işlər getmirdi. İndi bu sistemin dəyişdirilməsi zəmin yaradacaq ki, bu yük tam şəkildə ötürülsün. Müasir texnologiyalar, Bakı relyefinə uyğun layihələndirilmiş su yığımı, ordan ötürücülər və pərçimlənən hissələrin məkanın düzgün seçilməsi, yaşayış massivlərinin artması nəzərə alınmaqla həyata keçiriləcək.
Yol və prospektlərin hamısı yeni dövr üçün yeni kommunikasiya layihələri tələb edir. Bu işdə Azərbaycan mühəndisləri heç də xarici mütəxəssislərdən zəif deyillər. Təbii ki, bu iş bir ay, beş ayda başa çatacaq iş deyil. Prospekt-prospekt, məhəllə-məhəllə, etap-etap bu işlər həyata keçiriləcək və buna bir neçə il vaxt lazım olacaq”.
Cahid Həsənov həmçinin qeyd edib ki, “süngər şəhər” modelinin yəqin ki, burda da tətbiq etməyin zamanı gələcək: “Qaldı yaşıllıq zolaqlarına- Bakıda yaşıllıq zolaqları şəhər memarlığı və şəhərsalma baxımından çox önəmli idi. Beynəlxalq şəhər forumları da göstərir ki, yaşıllıq zolaqlarının salınması artırılmalıdır. Azərbaycan artıq bir neçə ildir bu işləri həyata keçirir. Deməzdim ki, hansısa MTK tərəfindən gecə vaxtı bir neçə ağacın kəsilməsini bilirik. Bu, parkların azalması anlamına gəlmir, əksinə son 2-3 ildə yaşıllıq zolaqlarının artırılması istiqamətində intensiv işlər aparılıb. Hətta parklar arasında birləşdirici yolların, piyada yollarının yaradılmasını, Fəvvarələr Meydanı ilə Qış Parkında və Bakının bir neçə ərazisində istər mərkəzdə, istər mərkəzdən kənarda yaşıllıq zolaqlarının çoxalmasını və aradakı boşluqların parklara qatılmasını artıq görürük. Amma gələcək dövrdə bütün dünya memarlığı oksigen çatışmazlığı və rahat yaşayış tərzi ilə üzləşir. Memarlıq və şəhərsalma sahəsində yeni tələblər qoyulub, bu layihələr işlənilir və bundan sonra da memarlar tərəfindən bu problemlərin qarşısını almaq üçün tədbirlər görüləcək.
Bu konteksdə, hansısa ölkələrin - Seul, Sinqapur və digər şəhərlərin inkişaf etmiş “süngər şəhər” modelinin yəqin ki, burda da tətbiq etməyin zamanı gələcək”.
Cahid Həsənov əlavə edib: “Getdikcə su problemi də dünyada aktuallaşır. Yəni tullantı sularının axıb bir yerə tökülməsi yox, onların özündən də səmərəli istifadə olunması vacibdir. Bu, əlbəttə, gözəl bir işdir. Bu barədə bizim memarlar da layihələr işləyirlər ki, bu sulardan istifadə olunsun.
Yaşıllıq zolaqlarının artırılmasında, parkların və bağların salınmasında, xüsusilə də həmin ərazilərə su çəkməyin mümkün olmadığı və ya çox xərc tələb etdiyi yerlərdə ən azı bu axan tullantı sularından istifadə olunması nəzərdə tutulur. Bu suların anbarlara yığılması və sonrakı dövrlərdə, xüsusilə quraqlıq vaxtlarında ehtiyat su kimi istifadəsi də çox vacibdir. Bu istiqamətdə işlər aparılır və həyata keçiriləcək.
Hər halda memarlarımızla birlikdə bu layihələr üzərində işləyirik. Bu, çox bahalı bir xərcdir. Vizual baxımdan şəhərə baxan insan üçün sadəcə bir məhəllə və ya park kimi görünə bilər, amma onun salınması, su sisteminin qurulması, yağışdan sonra su ötürücü şəbəkənin və suvarma sisteminin təşkil olunması kimi görünməyən çox böyük işlər var. Bu, memarlıq və şəhərsalmanın əsas hissəsidir.
Buna baxmayaraq, dövlət qurumları tərəfindən bu istiqamətdə göstərişlər verilib və lazımi qədər vəsait ayrılıb. Mən düşünürəm ki, yaxın 5 il ərzində Bakıda yaşıllıq zolaqlarının bundan bir neçə qat daha çox artmasının şahidi olacağıq”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.