AZ

Məhkəmədə baş direktorun vəziyyəti ağırlaşdı, son sözə çıxmadı - 7 körpənin ölüm işi  

 

Xəbər verdiyimiz kimi Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Perinatal Mərkəzində baş vermiş və 7 yenidoğulmuş körpənin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları yekun mərhələyə yaxınlaşır.

Bu günahım, iyunun 3-də hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən  məhkəmə iclasında təqsirləndirilən şəxslərə son söz üçün hazırlaşmaq məqsədilə 1 saatlıq fasilə elan olunub. Fasilədən sonra Respublika Perinatal Mərkəzinin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalına qayıtmayıb.

İclas bərpa ediləndən sonra onun vəkili məhkəməyə bildirib ki, müvəkkilinin səhhətində qəfil problem yaranıb və o, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Müdafiə tərəfi baş verənlərin gözlənilməz olduğunu qeyd edərək məhkəmədən vəziyyətin nəzərə alınmasını xahiş edib. Hakim Leyla Əsgərova-Məmmədova isə təqdim olunan məlumatların dəqiqləşdirilməsinin zəruri olduğunu bildirib. Məhkəmə tərəfindən Mehriban Abasquliyevanın həqiqətən xəstəxanaya yerləşdirilib-yerləşdirilmədiyinin və səhhətinin prosesdə iştirakına mane olub-olmadığının müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlara sorğu göndərilməsi qərara alınıb.

Bu məqsədlə həm Səhiyyə Nazirliyinə, həm də onun yerləşdirildiyi bildirilən tibb müəssisəsinə rəsmi müraciətlər ediləcək.

Proses zamanı hakim müdafiə tərəfinə xəbərdarlıq da edib. Bildirilib ki, əgər sonradan təqsirləndirilən şəxsin məhkəmə iclasından qəsdən yayındığı müəyyən olunarsa, onun barəsində seçilmiş qətimkan tədbirinə yenidən baxılması məsələsi gündəmə gələ bilər. Hakim bu xəbərdarlığın Mehriban Abasquliyevaya çatdırılmasını vəkildən tələb edib. Qeyd olunub ki, iş üzrə son söz mərhələsi məhkəmə araşdırmasının yekun hissəsidir. Bu mərhələdə təqsirləndirilən şəxs ittihama münasibət bildirir və məhkəməyə son müraciətini edir. Son sözlər başa çatdıqdan sonra məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedir.

Bundan əvvəl keçirilən prosesdə müdafiə tərəfi məhkəmə istintaqının yenilənməsi barədə vəsatət qaldırmışdı. Mehriban Abasquliyevanın vəkili Əlövsət Abbasov bildirmişdi ki, iş üzrə yanğın təhlükəsizliyi texnikası, fiziki-kimyəvi, tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə ehtiyac var. Müdafiə tərəfi həmçinin ekspertlərin məhkəmədə dindirilməsini istəmişdi.

Dövlət ittihamçısı Eldar Məmmədov isə buna etiraz edərək məhkəmə istintaqının tamamlandığını və tərəflərin artıq yekun çıxış mərhələsinə keçdiyini bildirmişdi.

Hakimlər kollegiyası yerində müşavirədən sonra vəsatəti təmin etməmişdi. İş üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə ağır cəzalar təklif edib.

Prokurorun mövqeyinə əsasən, təqsirləndirilən şəxslərin hər biri 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməlidir. Bundan başqa, Mehriban Abasquliyevaya 8 il, Hamlet Mustafayevə 7 il, Elnur Əhmədliyə isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsi istənilib.

Dövlət ittihamçısı onların məhkəmə zalında həbs edilməsini də məhkəmədən xahiş edib.

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İstintaq materiallarına görə, yanğın yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədə baş verib. Hadisə nəticəsində müəssisəyə 361 min manatdan artıq maddi ziyan dəyib.

İttihama görə, Mehriban Abasquliyeva direktor təyin olunduqdan sonra müəssisənin imkanları nəzərə alınmadan xəstə qəbulunun sayı artırılıb, nəticədə elektrik şəbəkəsinə düşən yük yüksəlib və yanğının baş verməsinə şərait yaranıb. Müdafiə tərəfi isə ittihamları qəbul etmir və təqsirləndirilən şəxslərin hadisəyə görə məsuliyyət daşımadıqlarını bildirir.

Məhkəmə prosesi iyunun 4-də davam etdiriləcək. Həmin iclasda əvvəlcə Mehriban Abasquliyevanın səhhəti ilə bağlı məlumatlar araşdırılacaq, daha sonra isə son söz mərhələsinin davam etdirilməsi məsələsinə baxılacaq.

 

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr