AZ

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olunub

BAKI, 3 iyun. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə əməyin mühafizəsi mövzusunda üç günlük vebinar keçirilib.

Bu barədə Teleqraf-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

“Əməyin təhlükəsizliyi və gigiyenası üzrə məsləhətləşmələr: real təcrübə və praktiki biliklər əsasında öyrənmə” mövzusuna həsr olunan vebinarın keçirilməsində məqsəd əməyin mühafizəsi sahəsində bilik və bacarıqların artırılması, beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması ilə bağlı preventiv yanaşmaların müzakirəsi olub.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Beynəlxalq Əmək Təşkilatının, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, digər aidiyyəti dövlət qurumlarının və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.

Vebinarın açılışında Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmədov, BƏT-in Azərbaycan üzrə Milli Koordinatoru Yaşar Həmzəyev və BƏT-in əməyin təftişi, təhlükəsizliyi və gigiyenası üzrə mütəxəssisi Darko Doçinski çıxış ediblər.

Üç gün davam edən vebinarda əməyin mühafizəsində profilaktik yanaşmalar, iş yerlərində qabaqlayıcı tədbirlərin təşkili, müəssisə səviyyəsində əməyin təhlükəsizliyi və gigiyenası üzrə idarəetmə sistemləri, risklərin qiymətləndirilməsi, peşə xəstəliklərinə yeni yanaşmalar, işçilərin sağlamlığına nəzarət və əməyin mühafizəsi üzrə xidmət təminatçılarının fəaliyyəti barədə təqdimatlar dinlənilib.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzular üzrə beynəlxalq və yerli təcrübəyə dair fikir mübadiləsi aparılıb.

Seçilən
40
teleqraf.com

1Mənbələr