İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, əgər internet provayderi tərəfindən təqdim olunan xidmət sürəti müqavilədə göstərilən sürət göstəricilərindən davamlı olaraq aşağıdırsa, abonent xidmət keyfiyyətinin yoxlanılması və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini tələb edə bilər:
"Nəzərə alınmalıdır ki, internet xidmətinin faktiki sürətinə bir sıra texniki amillər təsir göstərir. Bunlara istifadə olunan texnologiya, xəttin fiziki vəziyyəti, modem və ya router kimi avadanlıqların texniki imkanları, Wi-Fi siqnal keyfiyyəti, şəbəkədə eyni vaxtda çalışan cihazların sayı, provayderin magistral kanallarının yüklənməsi, eləcə də istifadə edilən internet resurslarının və serverlərin performansı daxildir. Bu səbəbdən sürət problemi ilə bağlı qiymətləndirmə aparılarkən müəyyən addımların yerinə yetirilməsi tövsiyə olunur".
Ekspert qeyd edib ki, ilk növbədə sürətin ölçülməsi və sənədləşdirilməsi həyata keçirilməlidir:
"İnternet sürəti müxtəlif vaxtlarda etibarlı sürət ölçmə platformaları vasitəsilə yoxlanılmalıdır. Ölçmə nəticələrinin ekran görüntüləri, tarix və saat məlumatları saxlanılmalıdır. Mümkün olduqda ölçmələr Wi-Fi üzərindən deyil, birbaşa Ethernet kabel bağlantısı ilə aparılmalıdır. Toplanmış texniki məlumatlar və ölçmə nəticələri ilə birlikdə provayderə rəsmi müraciət edilməli, xidmət keyfiyyətinin müqavilə şərtlərinə uyğunlaşdırılması tələb olunmalıdır".
Fərid Əmirovun sözlərinə görə, müraciətdən sonra provayder tərəfindən abonent xətti, optik siqnal səviyyələri, port konfiqurasiyaları, trafik məhdudiyyətləri, şəbəkə avadanlıqları və magistral kanalların yüklənmə vəziyyəti yoxlanılmalıdır:
"Problemin abonent tərəfində və ya provayder şəbəkəsində olduğu müəyyən edilməlidir. Aparılan yoxlamalar nəticəsində xidmət sürətinin müqavilədə nəzərdə tutulan və ya zəmanət verilən göstəricilərdən aşağı olduğu təsdiqlənərsə, abonent xidmətin normallaşdırılmasını, tarif parametrlərinin uyğunlaşdırılmasını və ya qüvvədə olan qanunvericiliyə və müqavilə şərtlərinə uyğun tədbirlərin görülməsini tələb edə bilər. İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi yalnız bir dəfə aparılmış sürət testi ilə deyil, müxtəlif zaman intervallarında həyata keçirilmiş ölçmələr və texniki analiz nəticələri əsasında aparılmalıdır. Provayder isə öz növbəsində təqdim etdiyi xidmətin müqavilə öhdəliklərinə uyğunluğunu təmin etməli və aşkar edilmiş texniki problemlərin aradan qaldırılması üçün zəruri tədbirləri həyata keçirməlidir".
Əfsanə Kamal
Demokrat.az
4Mənbələr
-
turkustan.azİnternet sürəti zəifdirsə, abonent hansı hüquqlara malikdir? ( 29182924)
-
musavat.comİnternet sürəti zəifdirsə, abonent hansı hüquqlara malikdir? ( 29182585)
-
demokrat.azİnternet sürəti zəifdirsə, abonent hansı hüquqlara malikdir? ( 29180731)
-
demokrat.azİnternet sürəti zəifdirsə, abonent hansı hüquqlara malikdir? ( 29180722)