AZ

"Yatrogenik Öd Yolu Zədələnmələrində Multidisiplinar Yanaşma” simpozium keçirilib » Medical Media


TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində “Yatrogenik Öd Yolu Zədələnmələrində Multidisiplinar Yanaşma” simpoziumu keçirilib.

Simpoziumda Yeni Klinikanın direktoru Barat Yusubov, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, Azərbaycan Tibb Universitetinin professoru Surxay Hadıyev və müxtəlif tibb müəssisələrindən olan həkimlər iştirak ediblər. 

Tədbiri giriş nitqi ilə açan Yeni Klinikanın direktoru Barat Yusubov təşkil olunan simpoziumda məruzəçilər tərəfindən səsləndiriləcək çıxışların günümüzün ən aktual problemini əhatə etdiyini bildirərək öd yolu zədələnmələrində qapalı və açıq cərrahi əməliyyatların rolundan danışıb. Direktor təkcə aprel ayı ərzində Yeni Klinikanın peşəkar cərrahiyyə komandası tərəfindən 900-dən çox müxtəlif cərrahi əməliyyatın həyata keçirildiyini qeyd edərək əməliyyatların müasir yöntəmlərlə icra olunduğunu bildirib.

Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov klinikada təşkil olunan elmi konfranslar, simpozium, seminar və s. tədbirlərin səhiyyədə olan problemlərə müxtəlif istiqamətlərdən yanaşmağa şərait yaratdığını qeyd edərək multidisiplinar yanaşma sayəsində problemin həll yolunun daha rahat tapılmasının mümkün olduğunu qeyd edib.

Azərbaycan Tibb Universitetinin professoru Surxay Hadıyev və TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva səhiyyənin inkişafı istiqamətində uğurlu layihələrin həyata keçirildiyini bildirərək simpozium iştirakçılarına uğurlar arzulayıblar. 

Tədbirdə biliar sistem variasiyaları, kəskin xolesistit, Mirizzi sindromu, ERCP-nin diaqnostika və müalicədəki rolu, öd yolu zədələnmələrinin radioloji diaqnostikası, PTK-nın diaqnostika və müalicədəki rolu və s. mövzular müzakirə olunub.

3 hissədən ibarət simpoziumda həmçinin zala translyasiya edilən canlı əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib. Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, həkim-rezident Aynəddin Aslanov və Cəfər Mehdizadə tərəfindən icra edilən canlı əməliyyat uğurla həyata keçirildikdən sonra verilən suallar cavablandırılıb.
Sonda məruzəçilərə təşəkkürnamələr təqdim edilib.


Seçilən
213
4
medicalmedia.az

5Mənbələr