"Azərbaycan əsas məqsədlərinə nail olub. Odur ki, tələsməyə ehtiyac yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Avropa İttifaqı Şurasının Bakı və İrəvanı sülh prosesini ilin sonuna qədər başa çatdırmaqla bağlı çağırışına münasibət bildirərkən deyib.
Zərdüşt Əlizadə qeyd edib ki, Azərbaycan-Ermənistan danışıqlarının gedişi Brüsselin iradəsi və təsirindən asılı deyil:
"Bu proses bölgədə, torpaqda dövlətlərin münasibətindən, qüvvələr nisbətindən və daxili vəziyyətdən asılıdır. Aİ Şurasının müraciəti yalnız xoş niyyətdən qaynaqlanır. Amma bu çağırışıa cavab vermək nə Ermənistan, nə də Azərbaycan üçün məcburi deyil".

Politoloq vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında, özü da yaxın vaxtda imzalanmasında maraqlıdır:
"Lakin sülh müqaviləsinin şərtləri Azərbaycan dövlətinin təməl maraqlarına cavab verməlidir. Ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, anklavların qaytarılması, Ermənistanın təcavüz niyyətindən əl çəkmək istiqamətində öhdəliklər olmalıdır. Bunlar olmasa, sülh müqaviləsinin də əhəmiyyəti yoxdur. Azərbaycan öz əsas məqsədlərinə nail olub. Ona görə tələsmədən gözləyə bilərik. Erməni tərəfi nə vaxtsa gerçəkliyi anlayıb, Bakının istədiyi şərtlərlə müqavilə imzalamağa razılaşsa, bu halda saziş imzalana bilər. Azərbaycan sərhədlərini bərpa edib, istəyimizə çatmışıq. Odur ki, bizi qovan, tələsdirən yoxdur".
Qeyd edək ki, Avropa İttifaqı Şurasının ikigünlük iclasının yekunları üzrə sənəd qəbul edilib. Sənədə əsasən Avropa İttifaqı Bakı və İrəvanı sülh prosesini ilin sonuna qədər başa çatdırmağa çağırıb. "Avropa İttifaqı Şurası Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında sabit və davamlı sülhün əldə edilməsinə tərəfdar olduğunu bildirir. Avropa İttifaqı Brüsselin normallaşma prosesini dəstəkləyir və tərəfləri bu ilin sonuna qədər prosesi başa çatdırmağa çağırır”, deyə yekun sənəddə qeyd edilib.
Rüfət Sultan