AZ

İsrail-Fələstin cəbhəsində təcili atəşkəs elan edilməlidir -Hakan Fidan

Türkiyənin İsrail-Fələstin qarşıdurmasının diplomatik yollarla həlli istiqamətində səyləri davam edir.

“İki sahil” xəbər verir ki, bu məqsədlə noyabrın 6-da Türkiyənin xarici işlər naziri Hakan Fidanın niderlandlı və çexiyalı həmkarları Hanke Bruins Slot və Jan Lipavski ilə telefon danışıqları olub.

Danışıqlar zamanı türkiyəli nazir İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların aralıqsız çatdırılmasının vacibliyini vurğulayıb. Nazir bu münaqişənin bölgəyə mənfi təsirlərinin qarşısının alınması üçün ortaq fəaliyyətin zəruri olduğunu deyib.

Danışıqlar zamanı Rusiya-Ukrayna qarşıdurmasına da toxunan Hakan Fidan taxıl dəhlizinin yenidən canlandırılmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-də Belarusun xarici işlər naziri Sergey Aleynik Türkiyəyə səfər edəcək. Türkiyə və Belarus XİN rəhbərlərinin Ankarada görüşü nəzərdə tutulur. Görüşdən sonra nazirlərin mediaya birgə açıqlama vermələri gözlənilir.

Səfər iki gün davam edəcək. Səfər çərçivəsində Sergey Aleynikin Türkiyə-Belarus Qarışıq İqtisadi Komissiyasının 11-ci Dövr Toplantısında iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, noyabrın 6-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan ABŞ-ın Dövlət katibi Antoni Blinken ilə görüşüb.

Görüş zamanı başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə baş verən son hadisələr və ikitərəfli münasibətlər müzakirə olunub.

Nəticə etibarilə hər iki tərəf İsrail-Fələstin qarşıdurmasında mülki əhalinin zərər görməməsi, eləcə də bölgəyə humanitar yardımların davamlı və fasiləsiz çatdırılması ilə bağlı həmfikir olduqlarını bildirib, məsələnin həlli istiqamətində birgə fəaliyyətin zəruriliyini vurğulayıb.

Görüş zamanı İsveçin üzvlüyü çərçivəsində NATO-nun genişlənməsi prosesi, ikitərəfli və regional məsələlər də müzakirə olunub.

Seçilən
565
36
ikisahil.az

10Mənbələr