Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa şərait yaradıb. Azərbaycan, isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, o nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradılıb. Belə ki, məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açıb.
Bəs yay mövsümündə tələbatla əlaqədar yaranan qiymət artımları qış üçün də keçərlidirmi?
Mövzu ilə əlaqədar Daxili Turizm komissiyasının sədri, turizm məsələləri üzrə ekspert Əziz Şiriyev MediaPost-a öz fikirlərini bildirib. O qeyd edib ki, diqqət olunacaq əsas məqam yeni otellərin açılmasıdır:

“Azərbaycanda qış turizmi Qusar-Şahdağ, Qəbələ-Tufandağ və yeni açılmış, son dövrlərdə məşhur olan Şahbuz rayonunun Ağbulaq istiqamətində olan qış komplekslərində daha çox üstünlük təşkil edir. Bu da təbiidir ki, həmin vaxtlarda otellərdə rəqabət az olduğundan, bu istiqamətdə komplekslər az olduğundan, insanlar daha çox qışda gedir və otellərdə sıxlıq yaranır. Burada da iqtisadiyyatın qızıl qanuna əsasən, tələb-təklif söhbətinə görə qiymət avtomatik olaraq qalxır. Ona görə də burada diqqət olunacaq əsas məqam yeni otellərin açılmasıdır. Şərt o deyil ki, kompleks otelin daxilində olsun. Yaxın ərazilərdə münasib qiymətə oteldə qalaraq həmin kompleksdə istirahət etməyə gələ bilərlər. Bu da birmənalıdır”.
Ekspertin sözlərinə görə, Şahdağ kompleksinin illik zərəri xeyrindən çox olur: “Qeyd edim ki, qış kompleksləri ümumiyyətlə, mövsüm boyunca, elə də xeyirlə işləmirlər. Məsələn, Şahdağ kompleksi - onun illik xeyrindən çox zərəri olur. Bilirik ki, orada bütün sistemlər işıqlandırma ilə işləyir. Ona görə də qiymətlərin yüksək olması narazılıq doğursa da, məqsədəuyğundur. Çünki, o mövsümdə həmin qazancını götürməlidir ki, digər fəsillərdə, mövsümün digər vaxtlarında o pulu paylaşdıra bilsin, maliyyə sıxıntısı yaşamasın”.
“Tələbat çox olduğundan biz bayrama bir həftə qalmış otellərə zəng vursaq, heç birində yer tapa bilmərik. Otel sahibləri də görür ki, qiymət artımına baxmayaraq yerlər dolur. Gələn il qiymətlər bundan da baha olacaq. Əgər görsələr ki, otellərdə qonaq yoxdur, tələbat yoxdur, avtomatik qiymət azalması ola bilər. Amma mən 15 ilə yaxındır ki, bu sahədəyəm və heç bir halda qiymət azalması demək olar ki, görməmişəm. Qeyri-sezon vaxtında kompaniya edənlər olur, amma sezon vaxtı qiymətlər avtomatik qalxır və öncədən rezervasiyalar mütləq olur” – deyə Ə.Şiriyev əlavə edib.