Xəbər verdiyimiz kimi, "Qarabağ" növbəti transferini reallaşdırıb.
Ağdam təmsilçisi qapıçı Mateuş Koxalskini heyətə cəlb edib.
Verilən rəsmi açıqlamada bildirilib ki, uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.
Bu, həqiqətən belədir. “Stal“la danışıqlar bir neçə ay əvvəl başlayıb.
Qarşı tərəf təklif aldığı ilk aylarda “köhlən atlar“a kifayət qədər yüksək “qiymət oxuyub“. Yalan olmasın, 1 milyon avro təzminat istəyiblər.
Klublar arasında görüşmələrin davam etdiyi sürəcdə Koxalski mövqeyini ortaya qoyub. O, “Qarabağ“ın formasını geyinməyə israr edib.
Qapıçısının inadını və onunla müqavilənin 1 il sonra qüvvədən düşəcəyini nəzərə alan “Stal“ rəsmiləri güzəştə getmək məcburiyyətində qalıb. Axırda 450 min avro qarşılığında bu keçidə xeyir-dua veriblər.
“Qarabağ“la 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya Varşava”da forma geyinib.
Yeni qapıçı bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib.
O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.
SPORTİNFO.AZ