Gəncə, 26 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Ağdərə rayonunun Sırxavənd kəndində qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyev Gəncə şəhərində dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin qalıqları Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbiçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər.
Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşmüşdü.