EN

Usman Dembele “Qızıl top”u qazanmaq imkanlarından danışdı

PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele cari mövsümün “Qızıl top” mükafatını qazanmaq ehtimalını şərh edib.

Arena.az “France Football” nəşrinə istinadən, fransalı ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Futbolçu üçün “Qızıl top” – bu, qeydsiz-şərtsiz, Müqəddəs Camdır. Bu, balaca ikən xəyal etdiyin bir məqamdır. Mən xatırlayıram ki, bunu televizorda necə göstərirdilər, oyunçular “Qızıl top”u qazanmaq üçün sıraya necə düzülürdülər, bu, inanılmaz idi. Müstəsna mükafatdır. Mən, 30 namizəd arasında olacağıma ümidvaram. Mənim də zədələr və pis çıxışlarımla müşayiət edilmiş çətin illərim olub. Bu mövsümdə isə, mən düşünürəm ki, yaxşı çıxış etmişəm, odur ki, görək, bundan nə çıxacaq. Adımın siyahıda olması gözəl olardı. Favoritlərdən biri olmaq isə – artıq böyük qələbədir”, deyə Dembele vurğulayıb.

Əlavə edək ki, Dembele qalibi olduğu 2024/2025-ci illər Çempionlar Liqası mövsümünün ən yaxşı oyunçusu seçilib, həmçinin cari mövsüm üçün “Qızıl top”u qazanmağa əsas namizəd hesab edilir.

Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 33 qol vurub, 15 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 91 oyun, 39 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 6 məhsuldar ötürmə var.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 56 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Chosen
16
1
arena.az

3Sources