EN

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb.  

Bu barədə məlumat verən “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaqdır. Layihədə nəzərdə tutulan məqsədə çatmaq üçün əsasən Qərbi Azərbaycanda və eləcə də digər bölgələrdə yaşayıb-yaratmış aşıqların poetik yaradıcılığından seçmələrdən – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlərdən ibarət kitab hazırlamaqla Qərbi Azərbaycandakı tarixi yurdlarımızın aşıqların sazında-sözündə yaşadığını diqqət önünə gətirməkdir.    

M.Nəbioğlu həmçinin əlavə edib ki, layihənin həyata keçirilməsində əsasən Qərbi Azərbaycan aşıqları və onların poetik yaradıcılığında Qərbi Azərbaycan mövzusuna üstünlük veriləcəkdir. Bu da onunla bağlıdır ki, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımız zaman-zaman erməni vandallarının vəhşilikləri ilə üzləşmiş, soyqırım və qırğınlara məruz qalmış, öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışlar. Bütün bunlar isə aşıqların poetik yaradıcılığında öz əksini tapmışdır. 

Onların şeirlərində ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapır, eyni zamanda bu şeirlər qədim yer-yurd adlarının öyrənilməsi və yaşadılması baxımından əhəmiyyətlidir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Emil Faiqoğlu

Chosen
5
3
adalet.az

4Sources