İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətləri Luristan vilayətində "Mossad"la əlaqəli beş nəfəri casusluqda ittiham edərək həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "NourNews" agentliyi məlumat yayıb.
Şübhəli şəxslərin Xorrəmabad, Burucerd və Dorud şəhərlərində İsrailin kəşfiyyat xidmətinin tapşırıqlarını yerinə yetirməyə çalışdıqları iddia olunur.
Bundan əlavə, İran hüquq-mühafizə orqanlarının əməkdaşları Tehranın cənubunda yerləşən Rey şəhərində naməlum qrup tərəfindən planlaşdırılan bir sıra terror aktlarının qarşısını alıblar. Qeyd olunur ki, polislər İsrailin kəşfiyyat xidməti "Mossad"la əlaqəli olduğu ehtimal edilən silahlı qruplaşmaya qarşı əməliyyat keçiriblər.
Agentliyin məlumatına əsasən, uğurla həyata keçirilən əməliyyat nəticəsində mövcud təhlükələr tamamilə aradan qaldırılıb.