EN

Bakıda qohumunu güllələyərək qətlə yetirən şəxslərə hökm oxunub

Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Pərviz Xudaverdiyevin 14 il , Seymur Xudaverdiyevin isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkillər çıxışlarında tərəflər arasında barışıq olmasını, təqsirləndirilən şəxslərin psixoloji vəziyyətinin nəzərə alınmasını və onların himayəsində azyaşlı uşaq olmasını nəzərə almasını xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub. Belə ki, C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Amilin qudası imiş.

İlkin iddiaya görə, C. Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Hadisədə elə bu səbəbə görə baş verib.

Ötən il avqustun 7-də isə Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində olub.

Chosen
19
50
apa.az

10Sources