“Mançester Siti” “şəhərlilər”in kapitanlıq sarğısını 30 yaşlı portuqal hücumameylli yarımmüdafiəçisi Bernardo Silvaya həvalə edib.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl “şəhərlilər”in kapitanlıq sarğısını 2023-2025-ci illərdə Kayl Uoker daşıyırdı. Əlavə edək ki, Uoker cari ilin qışında mövsümün sonuna qədər müddətə “Milan”a icarəyə verilib.
Silva kapitan sarğısını almasını şərh edib: “Yeni mövsümdə yaxşı çıxış etməyə köklənmişəm. Ötən mövsümdə biz bütün komanda ilə, baş vermiş uğursuzluqlar haqda çox danışmışıq və çoxlu vacib ibrət dərsləri almışıq. Ümidvaram biz bunları heç vaxt unutmayacağıq, xüsusilə bu mövsümdə. Biz keçmişdə nələrin yaşandığını unutmayacağıq və bu səhvlərimizi düzəltməyə çalışacağıq”, deyə Silva vurğulayıb.
Bernardo Silva “Benfika”nın məzunudur. 2014-cü ilin avqust ayında “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvar ayında tamhüquqlu əsasda Knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyul aynda isə “Mançester Siti” 50 milyon avro məbləğ müqabilində Bernardo Silvanı “şəhərlilər”in heyətinə qatıb. Silvanın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Silva “şəhərlilər”in heyətində bütün yarışlarda 49 oyuna 5 qol və 4 məhduldar ötürmə ilə fərqlənib.
Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi 404 oyun, 71 qol və 72 məhsuldar ötürmədən ibarətdir.
Bernardo Silva 2015-ci ilin mart ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 102 oyuna çıxıb, 13 qol vurub və 28 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu və 2025-ci illər UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 38 milyon avro məbləğində qiymətləndirir.