Qitə birinciliyinin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulub. 33 kiloqramda Ülviyyə Musayeva rumıniyalı Mariya Pavelə 8:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabı ilə məğlub olub. 36 kiloqramda Gülay Xasməmmədova rumıniyalı Ariana Harsanı 15:8 hesabı ilə üstələsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya “tuş”la uduzub. 39 kiloqramda yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova macarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. 42 kiloqramda Yağmur Məlikli 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova eyni mərhələdə ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.
46 kiloqramda Nuray Cəfərli polşalı Karolina Qvodza 6:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər Azərbaycan güləşçisi Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.