Son vaxtlar Rusiyada baş verən hadisələr bu ölkədə milli və etnik siyasətin hansı fəlakətli istiqamətə yönəldiyini açıq şəkildə ortaya qoyur. Rusiyada yaşayan müsəlman xalqlar da yeni təzyiq dalğasının hədəfindədir. Son dövrlər bəzi media fiqurlarının, xüsusilə də Kremlə yaxınlığı ilə seçilən Solovyov kimi şəxslərin açıq anti-Azərbaycan çıxışları ölkədə islamofobiyanın təşviq edildiyinə dair əsaslı şübhələr yaradır. Əvvəllər gizli aparılan bu siyasət artıq açıq mərhələyə keçib.
Şovinist əhvali-ruhiyyənin və milli ayrı-seçkiliyin pik həddə çatdığı bir dövrdə Rusiya yalnız siyasi və iqtisadi böhranlarla deyil, həm də hüquqi dəyərlərin tənəzzülü ilə qarşı-qarşıyadır. Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən qanunsuzluq və amansızlıq bu tənəzzülün yalnız kiçik bir hissəsini əks etdirir.
Bu fikirlər Milli Məclisin deputatı Rizvan Nəbiyevin “Şovinizm dalğası altında boğulan Rusiya: Miqrantlara və azsaylı xalqlara qarşı yeni repressiya mərhələsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Yekaterinburqda yaşananların təhlili təsdiq edir ki, miqrantlara qarşı qərəzli münasibət təkcə yerli təşəbbüs deyil. Bu, daha genişmiqyaslı, Mərkəzdən səssiz razılıqla həyata keçirilən siyasətin parçasıdır.
Ukraynada davam edən müharibə Rusiya ordusunun canlı qüvvə baxımından çatışmazlığını daha da dərinləşdirib. Bu çatışmazlığı doldurmaq üçün isə miqrantlardan istifadə edilməyə başlanıb. Lakin burada könüllülükdən yox, açıq məcburiyyətdən söhbət gedir. Miqrantlar guya törətdikləri cinayətlərlə şantaj olunur, ailələri ilə təhdid edilirlər. Razılaşmayanlar deportasiya ilə hədələnir.
Rusiya vətəndaşı olan, lakin rus olmayan xalqların nümayəndələri – o cümlədən, azərbaycanlılar və başqaları da bu siyasətin qurbanıdır. Onlara qarşı da həm etnik, həm dini zəmində təzyiqlər tətbiq olunur.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların hərbi xidmətə cəlb olunması ilə bağlı verdiyi açıqlamalar bu prosesin təsadüfi yox, planlı şəkildə həyata keçirildiyini sübut edir. Bastrıkinin səsləndirdiyi statistika və etiraflar göstərir ki, miqrantlar, sadəcə, ucuz işçi qüvvəsi deyil, həm də “insan resursu” kimi müharibə maşınının yanacaq materialına çevriliblər.
Yekaterinburq hadisəsi Rusiyanın milli qanunvericiliyinin və beynəlxalq öhdəliklərinin pozulmasıdır.
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən soydaşlarımıza qarşı güc tətbiqi və xüsusi amansızlıqla törədilən əməllər, qətllər diskriminasiyanın və milli ayrı-seçkiliyin bariz nümunəsidir.
Rusiya Federasiyası həm milli qanunvericilik, həm də beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarını təmin etməyi öhdəsinə götürüb.
Rusiya Federasiyası Konstitusiyasının 20-ci maddəsi hər bir şəxsin yaşamaq hüququnu təmin edir, 21-ci maddə isə işgəncəyə, zorakı və alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququnu təsbit edir. Həmin hadisə bu fundamental hüquqların pozulması kimi qiymətləndirilməlidir. Bu cür pozuntular yalnız fərdi azadlıqlara təhdid deyil, həm də konstitusion hüquqi rejimin pozulması anlamına gəlir.
Rusiya Federasiyası tərəf olduğu “İşgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması haqqında” beynəlxalq Konvensiyanın da müddəalarını pozmuşdur. Bu Konvensiyaya əsasən, iştirakçı dövlətlər işgəncə hallarının qarşısını almaq və belə halları törədən şəxsləri məsuliyyətə cəlb etmək öhdəliyini daşıyırlar. Sözügedən hadisə isə bu Konvensiyanın əsas müddəalarına zidd olaraq qiymətləndirilir və beynəlxalq hüquqi məsuliyyətin tətbiqini gündəmə gətirir.
Həm milli, həm də beynəlxalq hüquq baxımından mövcud fakt hüquq pozuntusu olmaqla yanaşı, dövlətin insan hüquqları sahəsindəki öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilməlidir.
Azərbaycan-Rusiya münasibətlərində gərginliyin əsasında duran məsələlərin icmalı
Yekaterinburqda baş vermiş və etnik motivli qətl hadisəsi Azərbaycanın ictimaiyyətində və siyasi dairələrində dərin narahatlıq doğurub. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı nümayişkaranə, selektiv və zorakı davranışları təkcə bu hadisə ilə məhdudlaşmır, son dövrlərdə bu kimi hallar sistematik tendensiya almağa başlayıb.