Elxan Məmmədli ilə nə vaxt, harada tanış olmağım yadıma düşmür. Elə bil ki, biz çoxdan tanış idik. Elxan olduqca sadə, ünsiyyətli, dosta sadiq, elə, obaya, xalqa, millətə bağlı bir insan idi. Folklorun bütün sirrlərinə, dərinliklərinə bələd idi. Atalar sözlərindən tutmuş aşıq yaradıcılığınadək bütün folklor nümunələri ilə yaxından tanış idi. Bütün Borçalını ev-ev, qarış-qarış gəzmişdi. Borçalı türklərinin söz xəzinəsini toplamışdı, folklora aid cild-cild kitablar hazırlamışdı. Bizim Qarayazıya, Kosalı kəndinə gəlişi əsil toy-bayrama çevrilərdi. O, böyüklə böyük, kiçiklə kiçik idi. O, bütün yaxşı cəhətlərini ailədən götürmüşdür. El ağsaqqalı, görkəmli qorqudşünas alim Hüseynqulu müəllimin ailəsində böyüyən Elxan Məmmədlinin şöhrəti bir ailəyə, bir elə-obaya, bir republikaya sığmadı: O, Azərbaycanda da, Gürcüstanda da, bütün Borçalıda da çox sevilirdi. Əziz dostum Səməndər Məmmədov Elxan Məmmədli haqqında yazılarının birində göstərir ki, hələ xalq şairi, Türk dünyasının böyük söz fatehi Zəlimxan Yaqub sağlığında Elxan Məmmədlinin 60 illik yubiley gecəsindəki çıxışında demişdi: “Elxan öz səsini elə səslərə qoşdu ki, ona nə ayrılıq, nə də zaman sədd, sərhəd şəkə bilmədi. Türküstanda da, Qafqazda da, İranda da, Türkiyədə də, Şərq aləmində də, Türk dünyasında da, bütövlükdə Şərqi, Qərbi qucaqlayan böyük dünyada da dalğalara qoşuldu Elxan səsi, şairlərimizin, alimlərimizin, aşıqlarımızın, ozanlarımızın, ustadlarımızın, övliyalarımızın, dədələrimizin təbliğatı ilə məşğul ola-ola özü də nuraniləşdi, piraniləşdi, gözəlləşdi, duruldu, saflaşdı, oldu saz, oldu aşıq, oldu şair, oldu folklorşünas. Bax, bu mənada, bunun bir səbəbi də onu yetirən, onun doğulduğu ailədi. O ailədi ki, Borçalı ziyalılarının hamısının ocağı olub Hüseynqulu müəllimə görə. Və saçları qar kimi dümağ olan qibləgahımız, anamız Fatma xanım bu gün bu məclisdə iştirak edirsə, o deməkdir ki, bu əsərin baş qəhrəmanı Fatma xanımdır. Ən böyük folklorşünas alim odur.”
Diplom işini nakam şair Nəbinin həyat və yaradıcılığına, namizədlik dissertasiyasını təcnis sənətkarlarına həsr etdi. “Bulaq” verlişinin aparıcı müəllifi olada biz ali məktəbdə oxuyurduq. Onun televiziyada hər çıxışı bizi feyziyab edirdi. O, sazın-sözün yorulmaz təbliğatçısı və tədqiqatçısı idi. Elxan Məmmədli Borçalıya gələndə mütləq Aşıq Aslanın və Aşıq Əlxan Qarayazlının ailəsinə baş çəkirdi, onlarda bir söz, bir folklor nümünəsi, bir saz havası “qopatmamış” əl çəkməzdi. Özü də şair təbiətli, əsil şair idi. Onun şeirlərinin mayası folklordan, obadan, xalqdan gəlirdi. Rəsmi olmasa da əslində xalq şairi idi, xalqın, elin-obanın yorulmaz şairi idi, söz ustası idi.
Elxan Məmmədli azman sənətkarlardan – Aşıq Aslan və Aşıq Əlxandan dastanlar, sözlər, şeirlər götürüb onları nəşr etdirirdi. “Koroğlunun Ağcaquzu qolu” dastanını bütün Borçalıya, Azərbaycana, Türkiyəyə yaydı.
Elxan Məmmədli Azərbaycan folkloru külliyatının XXX cildini- “Dastanlar” bölümünü (XX kitabı) 2012-ci ildə tərtib etmiş, kitabda “Aşıq Aslan Kosalının dastan repertuarından nümünələr” yazısını vermişdir. Mənə dedi dedi ki, sənin “Qarayazı ozanı” yazını burada vermək kifayətdir. Bu kitaba o, Aşıq Aslanın söylədiyi “Şahsənəm”, “Gülgəz, Tahir, Zöhrə”, “Novruz-Qəndab”, “Səyyat-Səadət”, “Aslan şahla İbrahim”, “Alıxan-Pəri”, “Valeh-Zərnigar”, “Ağcaquzu”, “Pərizad xanımın Çənlibelə gəlməsi” dastanlarını daxil etmişdi.E.Məmmədli “Aşıq Qərib – Şahsənəm” dastanını 1992-ci ildə lentə alıb. “Abbas-Gülgəz” 1989-cü ildə yazıya alıb. O bütün dastanları 1983, 2003, 2012-ci illərdə yazıya almışdır.
Aşıq Aslan Kosalının 80 illik yubileyilə əlaqədar “Borçalı” cəmiyyəti aşığın şeirlərindən və dastanlarından ibarət “Aşıq Aslanın ozan dünyası” adlı kitab nəşr etdirdi. Kitabın tərtibçisi və redaktoru bu sətirlərin müəllifi, “Borçalı aşıqları sırasında” adlı ön sözün müəllifi görkəmli alimimiz Camal Mustafayev idi. Kitaba Elxan Məmmədlinin Aşıq Aslan haqqında “Ustad görməyənin işi xam oldu” adlı yazısı daxil edilmişdir. O, bu yazısında hər bir aşığın ustaddan dərs almasını vacib hesab edir. Aşıq Aslanın “əsil ustad dərsi aldığından, mükəməl ustad-şagird ənənəsini davam etdirdiyindən bəhs edir.
“Başlıq çıxardığım bu misranı Aşıq Aslan Kosalının dilindən eşitmişəm. Əsl sənətkarın, kamil aşıqların barmaqla göstərildiyi bir zamanda tez-tez işlətməli oluruq bu ifadəni. Həqiqətən də “Mən aşığam”- deyən hər bir kəs ustaddan dərs almalıdır. Bunsuz aşıq olmaq mümkünsüzdür. Nə yazıq ki, bu gün əlinə bir saz alıb, beş-altı söz, on-on beş hava bilən cılız "aşıqlar" meydan sulamaqdadır. Aşıq Aslan Kosalı əsil ustad dərsi aldığından, mükəmməl ustad-şəyird ənənəsini mükəmməl yaşadan və ustad yolunu gözləyən sənətkarlardan biridir.
Omrünün 80 baharını yaşamış bu qüdrətli sənət adamı sənətə gəldiyi ilk günlərdən ustadı Aşıq Alxan Qarayazlının ətəyindən tutaraq çox böyük inadla, həm də yüksək məhəbbətlə aşıqlığın sirrini, sehrini öyrənməyə çalışmışdı. On ildə artıqdır ki, dünyasını dəyişmiş cənnətməkan ustadı Alxan Qarayazlını bu gün də özünə ustad hesab edən Aslan Kosalı indinin özündə də sənət üçün çalışır. Uzun illər sinəsində gəzdirdiyi zəngin folklor sərvətimizi tez-tez folklorşünaslarla bölüşür, bir-birindən gözəl xalq dastanlarımızı onlardan əsirgəmir. Heç təsadüfi deyil ki, uzun illər yaxın ünsiyyətimiz və ailəvi dostluğumuz davam edə-edə Aslan Kosalının söylədiyi, həm də çox mükəmməl söylədiyi Koroğlu dastanından iki naməlum qolu - ("Ağcaquzu" və "Pərizad xanımın Çənlibelə gəlməsi"), "Abbas-Gülgəz", “Aşıq Qərib", "Alıxan-Pəri", "Valeh-Zərnigar" kimi ölməz dastanlarmızı yazıya almış və nəşrə hazır vəziyyətə gətirmişik. Aslan Kosalıdan yazıya aldığım Koroğlunun iki qolu və "Aşıq Qərib" dastanları bir neçə ildir ki, Türkiyədə nəşr olunmuşdur
Aslan Kosalı aşıqlıq ənənəmizi layiqincə yaşadan və gələcək nəslə çatdıran kamil sənətkardır. Yaşının bu vaxtında mükəmməl yaddaşını qoruyub saxlaması, əlliyə qədər xalq dastanlarımızı, üzü Qurbanidən bu yana, hətta müasir aşıqlarımızın yaradıcılığını mükəmməl bilməsi, onu bir qüdrətli sənətkar kimi sevdirməkdədir.
Uzun illərin müşahidəsi göstərir ki, az-az aşıqlar tapılır ki, ustad yolunu Aslan Kosalı kimi gözləsin. Bəlkə də başqaları da aşıq Aslan kimi ustadını uca da tutub, onu doğma atasından, yaxın qohumlarından seçməyib. Deyə bilmərəm. Ancaq mən dəfələrlə görmüşəm ki, Aslan Kosalı toydan gəlib, qazandığı pulu stolun üstünə töküb, onu tən yarı bölərək yarısını ustadına göndərib. Ustadına onun ahıllıq və qocalıq çağlarında əslində övlad olub, onun hər bir müşgülünü özününkü hesab edib. Ona görə də ömrü boyu ruzulu-çörəkli olub Aslan Kosalı. "Ustad xeyir duvası" ifadəsi elə-belə yaranmayıb.
Aslan Kosalı çox mötəbər məclislər yola salıb. Vaxtilə rəhmətliklər Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif kimi ölməzlərimiz də qulaq asıblar onun sazına, sözünə, avazına. Aşıq Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Kamandar Əfəndiyev, Əhməd Sadaxlı və başqa Borçalı aşıqları ilə dönə-dönə məclislər yola verib, damla-damla, zaman-zaman el hörməti qazanıb Aslan Kosalı. Aslan Kosalı həm ifaçı-peşəkar, həm ustad, həm də yaradıcı aşıqlarımızdandır. Aşıq sənətində bu keyfiyyətləri özündə birləşdirən aşıqlarımız bu gün demək olar ki, yox dərəcəsindədir. Çox olsa bir-iki nəfər”.[1]
Digər azman sənətkarımız Aşıq Əlxanın həyat və yaradıçılığına həsr olunmuş “Təbiət Alxanı bir də yaratmaz” kitabının da tərtibçisi Elxan Məmmədlidir. “Aşıq Alxan necə var elə” adlı redaktor yazısında Elxan Məmmədli qeyd edir ki, “Alxan əmini təəssüflər olsun ki, çox gec tanıdım. Şəxsi tanışlığımızı nəzərdə tuturam. Əslində haqqında çox eşitmişdim. Ustadın əvəzsiz yetirməsi Aslan Kosalı ilə hər görüşümüzdə söhbət ancaq Alxan Qarayazılıdan gedərdi. Aslan əmi ustadından danışanda mənə elə gəlirdi ki, yəqin bir qədər mübaliğəyə yol verir, ustadı olduğu üçün belə danışır. Ancaq elə aşıq Aslan Kosalının vasitəsilə ustadın özü ilə şəxsən tanış olanda gördüm ki, yanlış fikirləşmişəm, Aşıq Alxan deyilənlərdən də çox üstün adamdır.
Ötən yüz illiyin 80-ci illərinin ortalarından başlayaraq ustadla tez-tez görüşlərimiz oldu. Onu bir sənətkar kimi də, insan kimi də, ağsaqqal kimi də yaxından tanımağa başladım.
Ustad Alxan Qarayazılının bir yüklü sənətkar kimi müqayisəyə gəlməz keyfiyyətləri - hazırcavablığı, comərdliyi, bədahətən şeir demək qabiliyyəti, zəngin dastanlarımızı, saysız-hesabsız saz havalarımızı, bir sözlə, özündən əvvəlki sənətkarların bədii irsini kamil bilməsi məni heyrətə gətirmişdi. Elə bu sadaladığım keyfiyyətlərə görə onu bu gün də heç kəslə müqayisə edə bilmirəm.
Aşıq Alxan həm də qorxmaz, heç kəsdən çəkinməz, sözünü üzə deyən, ölümdən belə çəkinməyən insan idi. Məhz onun bu keyfiyyətlərinə görə hər aşıq ustadın məclisinə baş vura bilməzdi. Aşıq Alxan məclisdə özünü Koroğlu kimi qəhrəman, haqq yolunda qan tökə bilən bir yenilməz iğid, Kərəm kimi sevgisinin dalınca çovğuna-borana düşən, hər cür çətinliyə sinə gərən bir aşiqə çevrilə bilərdi.
Aşıq Alxan Qarayazılı bir neçə aşıqların yetişməsində az zəhmət çəkməmişdi. Ancaq onu da deməyi özümə borc bilirəm deyim ki, Aşıq Alxanın ən böyük sənət əsəri bu gün ömrünün 90-cı pillələrinə qədəm qoymuş Aslan Kosalıdır. Mən bir aşıqşünas tədqiqatçı, eyni zamanda Borçalı əsilli ziyalı kimi Aslan Kosalının ustadı Alxan Qarayazılıya olan sayqı və hörməti qarşısında baş əyirəm.
Alxan Qarayazılı təkcə ifaçı, ustad aşıq deyildi. O, son dərəcə mükəmməl yaradıcılığa malık yaradıcı aşıq idi. Onun bayatı, gəraylı, təcnis, qoşma, divanı və müxəmməsləri klassik aşıq şerimizin uzun əsrlik ənənəsini yaşadan və zənginləşdirən gözəl nümunələrdir. O, həm də orijinal dastanlar müəllifi kimi də müasiri olduğu tanınmış aşıqların əksəriyyətindən yüksək bir mərtəbədə durur”.[2]
Bu kitabda da “Aşıq Alxan Qarayazılının saz-söz dünyası” adlı yazının müəllifi mənəm.
Elxan Məmmədli həmin aşıqların xeyir işlərində, yubileylərində də, şər işlərində, yas mərasimlərində də həmişə başda olub.
Bir gün Bakıda Aşıq Aslanın oğlu dostum Musa Mirzəyev bizə gəlmişdi. Gələn kimi dedi, Elxanı da tapaq. Zəng elədik, Elxan soruşdu ki, hardasınız bizə gəlin. Amma Musa dedi ki, Vahid gildəyəm, gəl görüşək. Görüşdük, bizə gəldi maraqlı söz-söhbət məclisində elat xəngəli ilə “başı xamralı” açıb yedik-içdik. Elxan o məclisi heç vaxt unutmurdu. Aya, o xəngəldən olmazdı deyirdi. Elxana Allah rəhmət eləsin, ruhu şad olsun.
Vahid Ömərov
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq” şöbəsinin
aparıcı elmi işçisi