Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov Yaxın Şərqdəki münaqişələrin dərin geo-siyasi təsirləri və onların mümkün gələcəyi barədə hafta.az-a mühüm açıqlamalar verib. Onun sözlərinə görə, atəşkəsin elan edilməsi yalnız bir mərhələdir və bu, daha geniş bir geo-siyasi layihənin tərkib hissəsidir. Həsənovun fikrincə, yaxın Şərqdə yeni bir düzən formalaşdırılır və bu dəyişikliklər, qarşıdakı illərdə regionda daha çox müharibəyə səbəb ola bilər...
Bir çoxları, atəşkəsin elan olunması ilə məsələnin bitdiyini düşünür. Amma diplomat, bunun böyük bir sadəlövhlük olacağını vurğulayır. O, atəşkəsin sadəcə bir mərhələ olduğunu, daha geniş geo-siyasi dəyişikliklərə səbəb olacağını bildirir: “Bu dəyişikliklərin əsas məqsədi isə yeni bir Yaxın Şərq düzəninin formalaşdırılmasıdır”. Həsənov bunun təsadüfi bir proses olmadığını, əvvəlcədən düşünülmüş və planlaşdırılmış bir dəyişiklik olduğunu ifadə edib.
Diplomatın sözlərinə görə, qarşıdakı onilliklər üçün – bəlkə də 70-80 il ərzində – Yaxın Şərqdə böyük bir geo-siyasi vəziyyət formalaşdırılacaq. Bu dəyişikliklər, elə ilk növbədə regionda müxtəlif maraqların toqquşmasına səbəb olacaq. Regiondakı güc balansının dəyişməsi, yeni müharibələrin qaçılmaz olduğunu göstərir.
Abbasəli Həsənov Yaxın Şərqdəki geosiyasi maraqların mərkəzində enerji resurslarının dayandığını qeyd edir. Neftin, sadəcə bir enerji resursu olmadığını, eyni zamanda ABŞ üçün iqtisadi və siyasi baxımdan həyati əhəmiyyət daşıdığını vurğulayıb. O, Yaxın Şərq neftinin ABŞ-ın iqtisadiyyatını qorumaq və dolların hegemonluğunu saxlamaq üçün çox önəmli olduğunu bildirib. “ABŞ-ın özü də böyük neft ehtiyatlarına malik olsa da, Yaxın Şərq neftinin strateji rolu əvəzsizdir”, -deyə sabiq səfir diqqətə çatdırıb.
Həsənov İsrail və İran arasında davam edən gərginliklərdən də danışıb. O, bu qarşıdurmanın hələlik genişmiqyaslı müharibəyə çevrilməsə də, müharibənin yenidən alovlanma ehtimalının yüksək olduğunu qeyd edib.
“İsrailin hava hücumlarından müdafiə sistemləri İranın ballistik raket hücumlarına qarşı heç gözlənilməyən bir cavab alıb. Bu, İranın hərbi gücünü nümayiş etdirib” , -deyən Həsənov, həmçinin İsrailin növbəti mərhələyə hazırlaşdığını və ABŞ mediasında bu istiqamətdə gizli planların yer aldığı barədə məlumatların yayıldığını bildirib.
Keçmiş səfir İranın indiki hərbi gücünün əvvəlki dövrlərdəki səviyyədə olmadığını bildirib. İran ordusunun 1979-cu ildəki İran İslam İnqilabından sonra bir çox təcrübəli komandirlərinin yeni rejim tərəfindən qətlə yetirildiyini bunun da İranın hərbi gücünün zəifləməsinə səbəb olduğunu ifadə edib:
“Keçmişdə İran Yaxın Şərqin ən güclü ordusuna sahib olub, lakin inqilabdan sonra bu güc çox da qorunmamış və zəifləyib. Bu səbəbdən İran, genişmiqyaslı müharibəyə başlasa, bu, fəlakətlə nəticələnə bilər”, - diplomat belə söyləyib.
“Son qarşıdurma həm də tərəflərin güc nümayişi idi. İran ballistik raketlər ilə cavab verdi, İsrail hava hücumlarından müdafiə sistemlərini nümayiş etdirdi, ABŞ isə geo-siyasi gücünü ortaya qoydu”, -deyən Həsənov vurğulayır ki, artıq hər kəs qarşı tərəfin hansı imkanlara sahib olduğunu bilir: “Bu səbəbdən, hər kəsin başa düşdüyü bir həqiqət var: artıq sülh masasına oturmaq və danışıqlar aparmaq zamanıdır. İran da bu mərhələdə siyasi dialoq yolunu seçmək istəyir...”
Sabiq İran səfirinin bəyanatları Yaxın Şərqdə baş verənlərin və baş verə biləcək hadisələrin yalnız hərbi münaqişələrdən ibarət olmadığını göstərir. “Əslində, burada daha böyük bir geo-siyasi düzənin formalaşdırılması prosesi gedir. Bu, yalnız neft və dollar üzərində qurulmuş bir mübarizə deyil, həm də uzunmüddətli geosiyasi maraqların toqquşmasıdır. Gələcəkdəki dəyişikliklər Yaxın Şərqdəki sülhün və ya müharibənin təməlini atacaq”, -deyə Abbasəli Həsənov vurğulayıb.