EN

"Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib?"

Meyitləri müayinə etməmişdən öncə onların ölüm haqqında tibbi şəhadətnamələrini bizə göndərdilər. Bu tibbi şəhadətnamələr məhkəmə tibbi eskperləri tərəfindən verilib. Meyitin müayinəsi əsasında onlar ölüm haqqında tibbi şəhadətnaməni yazıblar.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov iyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin ekspertizasının nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Baş direktorun sözlərinə görə, bir dəfə məhkəmə ekspertizasında müayinə edilmiş meyitin ikinci dəfə müayinəsi çox çətindir. “Çünki meyit müayinə olunub, bütün orqanları kəsilib və təhlil edilib. Biz şübhələnirdik ki, zədələnmiş orqanlar kəsilib götürüləcək. Soruşanda isə, deyiləcək ki, müayinə üçün götürmüşük”, - deyə o əlavə edib. 

O əlavə edib ki, Azərbaycandakı ekspertiziya rəyi ilə Rusiya tərəfinin təqdim etdiyi ekspertiza rəyi uyğun gəlmir: "Ziyəddin Səfərovun ölümünə səbəb kimi ürəktutma yazmışdılar. Meyiti orada məhkəmə-tibb eksperti müayinə edib. Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib? Rusiyalı həkim Ziyəddin Səfərovun ölümünə səbəb olaraq xəstəliyi göstərib. Amma biz daxili müayinədə aşkar etdiyimiz dəyişikliklər heç də birinci qardaşdan fərqlənmirdi. Başın dəri örtüyünün iç səthində qansızmalar, baş-beynin sərt və yumşaq qişalarında qansızmalar, döş qəfəsinin küt travması, sıxılması qənaətinə gəldik. Döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağ arxa tərəfdə bütün qabırğalar hamısı sınıq idi. Kobud sınıqlar var idi. Hətta biz qabırğanın birini tapa bilmədik, götürmüşdülər. Qabırğaların çoxsaylı sınıqları, diafraqmada qansızmalar, paranefral sahələrdə qan sızmalar, hemotomalar, onurğada, yumşaq toxumalarda yayılmış qansızmalar, xayaların və xayalığın qançırları və qansızmalar ölümə səbəbdir. Ölümə səbəb qeyd edilən aldığı çoxsaylı xəsarətlərlə əlaqədar ağır posttravmatik şok olub. Kəskin ziddiyyət ikinci meyitdədir. Rusiya ölümə səbəb kimi ürək çatışmazlığı göstərsə də, biz tamamilə başqa geniş yayılmış travmalar tapdıq".

Qeyd edək ki, iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın həyata keçirib. Nəticədə iki azərbaycanlı öldürülüb, bəziləri ağır bədən xəsarətləri nəticəsində yaralanıb, habelə 9 nəfər saxlanılıb.

İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub. "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.

Chosen
15
43
xezerxeber.az

10Sources