Rusiyada işgəncələrlə öldürülən Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşinin təkrar müavinəsi barədə rəsmi açıqlamanı dinlədikdən sonra əziz həmkarımız Seyfəddin Hüseynlinin nələr çəkdiyini düşünməyin özü belə çox çətindir...Adamlara, hətta hansısa hadisələrdə şübhəli sayılsalar belə, bu şəkildə dəhşətli işgəncələri vermək üçün nə qədər qəddar, amansız olmalısan?!
Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib ki, Rusiyada məhkəmədə meyitlər ayrı-ayrı ekspertlər tərəfindən müayinə olunduqdan sonra ekspertiza rəyində Ziyəddinin ürək turmasından, Hüseynin isə sadəcə küt alətlə travmadan öldüyü qeyd edilib, lakin ölüm hansı şəraitdə baş verib, “məlum olmayıb”.
Diqqət edin, azərbaycanlıların mənzillərinə zorakılıqla soxulan, insanlığa qarşı ağır cinayət törədənlər, faktiki olaraq terrorçu kimi davrananlar Rusiyanın rəsmi qurumunun təmsilçiləri tərəfindən də himayə olunur, günahları gizlədilir. İmkanları olsa, işgəncə altında qətlə yetirilənlərin “intihar etdiyini” də iddia edərdilər.
Açıqlanan rəyə diqqət edin: “Biz meyiti xarici müayinə edərkən bədən üzvlərinin yerdəyişən sınığı, döş qəfəsinin sınığı, başın sol almacıq sümüyünün sınığı, böyük bir sahənin hemotoması, alt və üst dodaqların selikli qişasında qançırlar, sol və sağ qaşüstü nayihəsində sıyıqlar, döş qəfəsinin arxa hissəsində qançırlar, sol xayalarda qançır aşkar edildi. Ona xüsusi küt alətlə xəsarətlər yetiriblər. Hər iki budun geniş nahiyyəsində qançır və hemotomalar, sol bel nayihəsinin geniş ölçülü sıyrığı ilə qəbul etdik. Daxili müayinə zamanı isə baş dərisinin iç səthində qansızmalar, baş beyinin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların çoxsaylı yerdəyişmiş sınıqları aşkar edildi. Hər iki tərəfdə qabırğalar 7-8 yerdən sınmışdı. Hətta qabırğalardan birini tapa bilmədik...” İşgəncənin formasını təsəvvür edirsinizmi? Bəlkə də bu, dünyada bir ilkdir, adamı o qədər döyüblər ki, qabırğasını belə yoxa çıxarıblar. Faşistlərin ağlına gəlmişdimi görəsən?
Rəyin davamı: “Qabırğa sınığı ağciyəri zədələyib. Ağciyərin kəsilmiş-cırılmış yaraları aşkarlandı. Diafraqmada da küt travma və cırılma var idi. Qaraciyər və dalaq cırılıb, dağılıb. Qarın boşluğunda periton, qan qopması aşkar edildi. Ölümə çoxsaylı travmalarla əlaqədar posttravmatik şok səbəb olub”. Sanki daxili və xarici orqanlarını bir-bir sıradan çıxartmaq, hamımıza gözdağı vermək istəyirmişlər.
Rusiyanın sifarişli “ekspertlər”i Ziyəddin Səfərova “ürək çatışmazlığı” diaqnozu qoyublar. Guya ki, “ürəyin işemik xəstəliyindən” vəfat edib. Azərbaycanlı ekspertlər isə müayinə edərkən əsl gerçəklik ortaya çıxıb: “Sağ və sol gözün qapaqlarında qansızmalar, boyunun sol və sağ nayihəsində qançır və sıyıqlar, döş qəfəsində deformasiyalar və zolaq halında sıyıqlar, bud və baldırlarda sıyıq və qançırlar, xayalıqlarda qançır, sıyıq və qansızmalar aşkarlandı. Bundan başqa, meyitin daxili müayinəsi zamanı onun boynunun sol və sağ ətraflarının zolaqlı qançırları, onurğanın zolaqlı sıyrıqları və digər travmalar aşkar edildi”.
Bütün bunlardan sonra iyunun Rusiya rəhbərliyi 27 iyunda, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin qanqsterlərinin Yekaterinburq şəhərində azərbaycanlılara tutduğu divanlarla bağlı nə deyəcəklər? Faktlar ortadadır, nə desələr də, nə bəhanə etsələr də, mənası yoxdur: Səfərov qardaşlarını 25 dekabrda Rusiyaya səfər edənləri öldürdükləri, kimi öldürüblər, yaraladıqları kimi yaralayıblar, mülki təyyarəmizi vurduqları kimi vurublar!!! Münasibət, qəsd, məqsəd eyni olub, sadəcə o terror havada törədilmişdi, budəfəki yerdə, insanların evlərində yatdıqları yerdə həyata keçirildi. Bakı-Qroznı aviareysini yerinə yetirən AZAL təyyarəsini vurduqdan sonra onun hansısa hava limanına enməsinə imkan verməmişdilər. Rusiya 38 nəfər günahsız insanın qətli ilə nəticələnən hadisə ilə bağlı da məsuliyyəti öz üzərinə götürməyib və ötən müddət ərzində ölkəmizə qarşı bir sıra pislikləri həyata keçirib. Həm AZAL təyyarəsi, həm ölkəmizdəki bəzi media orqanlarına kiberhücumlar, həm 27 iyun terroru, həm də deputat Azər Badamovun deportasiyası Rusiya rəhbərliyinin sanksiyası əsasında həyata keçirilib, kimlərsə nağıl danışmasın!
İcraçı rusiyalı qanqsterlər çox istərdilər ki, nə Azərbaycanın mülki təyyarəsi, nə də Yekaterinburq hadisələri ilə bağlı şahid olmasın. Amma terror edilən təyyarənin sərnişinləri və ekipaj üzvlərindən sağ qalanlar, üstəlik də iki “qara qutu” bütün həqiqətləri ortaya çıxartdı. Hətta təyyarənin qalıqları belə sanki dil açıb danışdı, “məni vurdular” dedi. Həmçinin sonuncu terror aktında da iki qardaşın “qara tabutu” bütün gerçəklikləri ortaya qoydu, milli ekspertlərimizin bir baxışı ilə hər şey aydın oldu.
Bütün bunların ardınca Azərbaycan vətəndaşlarının və azərbaycan əsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanılması gözlənilən və tam məntiqli bir addım oldu. Dövlətimiz təyyarə olayında olduğu kimi, 27 iyun terroruna münasibətdə də qətiyyət, prinsipiallıq nümayiş etdirdi. Azərbaycana düşmənçilik mövqeyi sərgiləyənlərlə bağlı bir sıra məhdudlaşdırıcı addımlar atılıb, tam haqlı olaraq. Rusiya Azərbaycanı yetərincə dəyərləndirə bilmədi, ən kritik anlarda, təzyiqlərlə üzləşməsi halında belə, bu ölkəyə münasibətimizin dəyişməməsini, normal qonşuluq prinsiplərinə sadiq qalmağımızın qədir-qiymətini bilmədi. Üstəlik, Rusiyada yaşayan, ən ağır şərtlər altında işləyən, Rusiya büdcəsinə vəsaitlər qazandıran, ölkəni ayrı-ayrı məhsullarla təmin edən azərbaycanlılara elə bir pisliklər etdi ki, tarix boyunca unudulmayacaq. Çox təəssüf ki, Rusiya ziyalıları, özlərini ədalətli sayan şəxslər belə bu terrora susqun qalmaqdadırlar, Markov kimi istisnaları çıxmaq şərtilə...
Rusiyadakı terror aktının qarşılığında Azərbaycan hüquqi müstəvidə sözünü deməkdə davam edəcək. Elə Baş Prokurorluğun bəyanatından da bəlli olur ki, Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycan əsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulmuş və ağır bədən xəsarətləri yetirilib. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilib. Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, istintaqın effektiv aparılması və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün zəruri əməkdaşlıq təmin ediləcək.
Konkret maddələrlə açılan cinayət işi ortada, günahkarlar cəzasını almalı, zərərçəkənlərin ailələrinə kompensasiya verilməli, dövlətimizdən və xalqımızdan üzr istənilməlidir! Ermənilərin 1993-cü ildə Rusiya silahlarının və hərbçilərinin köməyi ilə işğal etdiyi, “ruhlar şəhəri”nə çevirdiyi Ağdamdan olan insanlara qarşı törədilən qətliam faktiki olaraq məhdud çərçivədə soyqırımı faktıdır. Bir soyun kökünü kəsməyə hesablanan terrora başqa nə ad vermək olar? Hələ Səfərovların neçəsi ağır xəsarətlərlə həbsxanada, xəstəxanada...Ailə üzvlərinin psixoloji travması...25-26 fevralı da xatırladır hardasa...
Rusiya FTX-sinin iki üzvünün saxlanılması, fəaliyyəti dayandırılsa da, gizli fəaliyyət göstərən Rusiyaya məxsus media orqanındakı əməliyyat, Rusiya ilə mədəni tədbirlərin ləğvi, parlamentlərarası əlaqələrə moratorium qoyulması və digər addımlar dövlətimizin müstəqil siyasət yürütdüyünü, onu kiçik görmək istəyənlərə yerini göstərdiyini və milli maraqları hər şeydən uca tutduğunu bir daha təqsdiqlədi. Rusiyanın bayquş xislətli Solovyovu isə azərbaycanlıları pomidorla təhdid edir. Bizim pomidoru yeməyəcəkmişlər...Bu qədər cılız və miskindirlər! Biz ağır zəhmət hesabına ərsəyə gətirdiyimiz məhsul yolladıq onlara. Əvəzində tabutlar aldıq! Utanıb yerə girməkdənsə, üstümüzə kükrəməyə cəhd edirlər...