Ağdam. TurkicWorld:
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəaliyyətinə verdiyi dəyərli töhfələrə görə biz Azərbaycana səmimi təşəkkürümüzü bildiririk.
TurkicWorld xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi” mövzusunda Gənclər Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz, İƏT Katibliyi olaraq və şəxsən mən – İƏT-in Baş katibi kimi, Azərbaycanda, xüsusilə də Qarabağ bölgəsində – Ağdam şəhərində olmaqdan məmnunluq duyuruq. Bu artıq Azərbaycanda keçirilən üçüncü, ümumilikdə isə 17-ci İƏT sammitidir. Azərbaycan Təşkilatın fəaliyyətinə mühüm töhfələr verərək regional birliyin gücləndirilməsinə, eləcə də inkişaf və rifahın təşviqinə xidmət edir. Biz bu töhfələrə görə səmimi minnətdarlığımızı bildiririk”, – deyə o bildirib.
İƏT-in baş katibi qeyd edib ki, sammit region üçün asan olmayan bir dövrdə keçirilir və bu, ona xüsusi önəm vermiş olur. Bu, üzv ölkələrə həmrəylik nümayiş etdirmək və ümumi məqsədlərə – inkişaf və rifaha nail olmaq naminə birgə yaxınlaşma yollarını müəyyənləşdirmək imkanı yaradır.
“Və Prezident İlham Əliyevin liderliyi sayəsində bizim sadəcə bir sammiti deyil, bütöv bir İƏT Həftəsini qeyd etməyimiz rəmzi məna daşıyır. Bu həftə çərçivəsində bütün regiondan gəncləri bir araya gətirən Gənclər Forumu keçirilir. Sabah Qadınlar Forumu və daha sonra Biznes Forumu baş tutacaq. Bu tədbirlər bizə əsas maraqlı tərəf qruplarının fikirlərini dinləməyə imkan verəcək ki, bu da Təşkilatın qarşıdakı onillik üçün uzunmüddətli strategiyasının formalaşdırılmasında xüsusilə vacibdir”, – deyə Əsəd Məcid Xan vurğulayıb.