Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"EcoHub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Bazel Konvensiyası Katibliyinin tərəfdaşlığı ilə Bakıda Plastik Tullantıların İdarəedilməsi Forumu keçirilib.
Oxu.Az xəbər verir ki, forumun məqsədi plastik qablaşdırma tullantılarının azaldılması sahəsində innovativ yanaşmaların, sektorlarası əməkdaşlığın və ictimai maarifləndirmə təşəbbüslərinin təşviq edilməsidir. Tədbir çərçivəsində müxtəlif sahələrdə mövcud çağırışlar və dayanıqlı həllər, süni intellekt və yeni texnologiyaların tullantıların idarə edilməsində rolu, eləcə də dövlət qurumları, özəl sektor, media və vətəndaş cəmiyyəti arasında qurulan tərəfdaşlıqlar və maarifləndirmə təşəbbüsləri müzakirə olunub.
Tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və BMT-nin Ətraf Mühit Proqramının regional əlaqələndiricisi Mahir Əliyev çıxış edərək, plastik qablaşdırma tullantılarının, o cümlədən plastik tullantıların azaldılması, təkrar istifadəsi və ətraf mühitə uyğun şəkildə idarə olunmasının vacibliyindən bəhs ediblər. Çıxışçılar mövcud ekoloji çağırışlar fonunda bu sahədə müasir texnologiyaların tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və səmərəli institusional əməkdaşlıq mexanizmlərinin qurulmasının xüsusi prioritet təşkil etdiyini diqqətə çatdırıblar.
Daha sonra Forum öz işini panel müzakirələri ilə davam etdirib. Birinci panel "Turizm və qablaşdırma tullantıları - sektorun mövcud çağırışları və dayanıqlı həllər" mövzusunda keçirilib. Panel çərçivəsində turizm və qonaqpərvərlik sektorlarında plastik qablaşdırma tullantılarının yaranma dinamikası, bu sahədə mövcud çətinliklər və tullantıların azaldılması istiqamətində həyata keçirilən effektiv yanaşmalar müzakirə olunub. Paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Kommunal xidmətlər şöbəsinin müdiri Natavan Əhmədova, ETSN yanında İctimai Şuranın katibi və "EcoHub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari çıxış ediblər.
İkinci panel "Süni intellekt dövründə davamlı tullantı idarəçiliyində innovasiya və texnoloji yanaşmalar" mövzusunda keçirilib. Panel çərçivəsində süni intellekt, rəqəmsal texnologiyalar və innovativ həllərin plastik tullantıların davamlı idarə olunmasındakı rolu müzakirə olunub. Paneldə "Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov, "Sustainera Solutions" şirkətinin icraçı direktoru İlkin Hacıyev, "Smart Waste" şirkətinin icraçı direktoru Süleyman Əliyev və Bakı Mühəndislik Universitetinin Kimya kafedrasının baş müəllimi, "Bioplastik" startapının mentoru Pünhan Camalov çıxış ediblər.
Üçüncü panel "Plastiksiz gələcək naminə dairəvi iqtisadiyyatın vacibliyi və sektorlararası tərəfdaşlıqların gücləndirilməsi" mövzusunda keçirilib. Panel çərçivəsində dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında plastik tullantıların azaldılması və dairəvi iqtisadiyyatın təşviqi məqsədilə formalaşdırılmış əməkdaşlıq modelləri və birgə təşəbbüslər müzakirə olunub. Çıxış edən spikerlər ekoloji maarifləndirmə kampaniyaları, ictimai davranışa təsir edən kommunikasiya strategiyaları, təhsil və media vasitəsilə aparılan təşviqat işləri barədə öz təcrübələrini bölüşüblər. Paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, "Coca-Cola Azərbaycan" şirkətinin PR və Kommunikasiya üzrə supervayzeri Türkan Manaflı, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev, Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, həmçinin Coğrafiya İnstitutunun böyük elmi işçisi və Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET) koordinatoru Elnur Səfərov çıxış ediblər.
Forum plastik tullantılarla mübarizədə strateji tərəfdaşlıqların qurulması, qabaqcıl təcrübələrin paylaşılması və ictimai iştirakçılığın təşviqi baxımından mühüm platforma rolunu oynayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.