EN

"Avropa Rusiya hücumuna hazırlaşır: NATO-nun şərq cinahı təhlükə altındadır" - "Financial Times"

 
"NATO tərəddüd edir, Rusiya fürsət axtarır..."
 
Avropa ölkələri Rusiyanın mümkün hücumuna qarşı genişmiqyaslı hazırlıqlara başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb
 
Nəşr yazır ki, Rusiya hazırda Ukraynada müharibə aparsa da, bir çox NATO üzvü Vladimir Putinin yaxın gələcəkdə diqqətini Şimali və Şərqi Avropaya yönəldəcəyindən ehtiyat edir.
 
Moskva artıq NATO-nun şərq sərhədlərində öz mövcudluğunu gücləndirmək üçün fəal addımlar atır. Məsələn, peyk şəkilləri Rusiyanın Levaşovo, Kamenka və Olenya hərbi bazalarında hərəkətliliyin artdığını göstərir. Petrozavodskda - Finlandiya ilə sərhəddən 175 km aralıda yeni anbar binaları tikilib. Norveç sərhədindən 120 km şərqdə yerləşən keçmiş Severomorsk-1 bazasında isə təyyarələr üçün sahələr təmizlənib və asfalt örtüyü yenilənib.
 
Rusiya nə vaxt hücum edəcək?
 
NATO-nun baş katibi Mark Rütte ötən ay xəbərdarlıq edib ki, Rusiya beş il ərzində Alyansa qarşı gücdən istifadə etməyə hazır ola bilər. Finlandiya Silahlı Qüvvələrinin qərargah rəisinin müavini, general-leytenant Kari Nissula isə daha qəti danışır: "Sual hücumun olub-olmayacağında yox, onun nə vaxt olacağıdır. Mən hər gün hazır olmalıyam".
 
NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen xəbərdarlıq edir ki, əgər Putin Ukraynada irəliləyiş əldə edərsə, bu ona yeni ərazilər uğrunda təzyiq etməyə "iştah" verəcək. Xüsusən də ABŞ prezidenti NATO-nun məşhur 5-ci maddəsi (kollektiv müdafiə öhdəliyi) ilə bağlı tərəddüd etdiyini açıq şəkildə ifadə edərsə, bu Putini Alyansın birliyini sınağa çəkməyə sövq edə bilər.
 
Şərqi Avropa silahlanır, lakin gecikmələr var
 
Rusiya ilə yanaşı, Donald Trampın mövqeyi də bir çox NATO ölkəsini müdafiə xərclərini artırmağa vadar edib. Lakin "Financial Times" qeyd edir ki, silahlanmaya yönələn yeni investisiyaların tempində geriləmələr müşahidə olunur. Bir regional kəşfiyyat rəsmisi deyib:
 
"Biz hamımız Rusiyanı çəkindirmək istəyirik. Amma Putin bir gün qalib gələ biləcəyini hesablayacaq. Biz elə etməliyik ki, bu hesablaması səhv olsun". Bununla belə, ekspertlər bildirir ki, Moskvanın NATO ölkələrinə yanaşması Ukrayna ilə müqayisədə fərqlidir. Putin daha çox birbaşa işğaldan deyil, Alyansın iradəsini və reaksiya qabiliyyətini yoxlamaqdan yanadır.
 
Putinin məqsədi NATO-nu parçalamaqdır
 
Estoniyadakı Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru Kristi Rayk bildirir ki, Rusiyanın strateji məqsədi Baltikyanı ölkələri ələ keçirmək deyil, NATO-nun dağılmasına nail olmaqdır. Onun fikrincə, Moskvanın mümkün təcavüzünə zəif reaksiya Alyansın sonunu gətirə bilər: 
 
"Əgər ABŞ Ukraynanı qeyri-ədalətli sülhə məcbur edərsə, bu, Rusiyanın özünü haqlı hiss etməsinə səbəb olacaq və Avropada təhlükəsizlik risklərini daha da artıracaq". Rayk bütün bu məsələnin bir sualda cəmləndiyini deyir: "Rusiya NATO-nun kollektiv cavab verməyə hazırlığını necə qiymətləndirir?"
 
NATO-nun cavabı və gələcək strategiya
 
NATO-nun Niderlandda keçirilən son sammitində iştirakçı ölkələr müdafiə xərclərini ÜDM-in 5 faizə qədər artırmağa razılaşıb. Yeganə istisna İspaniya olub. Baş katib Mark Rütte təkrar vurğulayıb ki, Rusiya təhlükəsi realdır və Moskva üç, beş və ya yeddi il ərzində Alyansa qarşı genişmiqyaslı hücuma keçməyə hazırlaşır. Qarşıda Avropanı ağır və taleyüklü qərarlar gözləyir. NATO-nun sabitliyi və gələcəyi isə bu qərarların nə dərəcədə vaxtında və qətiyyətli veriləcəyindən asılı olacaq.
Chosen
23
27
moderator.az

10Sources