AZ

"Artan hərbi xərclər NATO-nu məhvə aparır" - Lavrov

"Rusiya NATO-nun yeni strategiyasını "fəlakətli səhv" adlandırır və Alyansın dağılacağını proqnozlaşdırır..."

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin hərbi xərclərini kəskin artırmaq planına sərt reaksiya verib. Onun sözlərinə görə, NATO ölkələrinin müdafiəyə ayırdığı büdcənin 5 faizinə qədər artırılması qərarı əslində Alyansın özünün süqutuna yol açacaq təhlükəli bir addımdır.

Moderator.az xəbər verir ki, Lavrov bu fikirləri Polşa xarici işlər naziri Radoslav Sikorskinin Rusiya ilə bağlı bəyanatına cavab olaraq səsləndirib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.

Sikorski Rusiyanın artan hərbi xərclər fonunda iqtisadi baxımdan çökməyə doğru getdiyini iddia edib. Lavrov isə istehzalı şəkildə bildirib: "Əgər bu qədə öncəgörəndirsə, yəqin o da anlayır ki, NATO ölkələrinin büdcəsinin bu qədər artırılması da təşkilatın öz sonunu yaxınlaşdıracaq".

Lavrovun sözlərinə görə, bu qərar reallıqdan uzaq, "barmaqdan sorulmuş" təhlükələrə əsaslanan emosional yanaşmanın məhsuludur. O, prezident Vladimir Putinin bu yaxınlarda müdafiə xərclərini azaltmaq niyyətində olduğunu açıqladığını xatırladıb.

Rusiya 2024-cü ildə müdafiəyə 13,5 trilyon rubl, - bu da ÜDM-in 6,3 faizi deməkdir, - ayıraraq rekord həddə çatıb. Ancaq Kremlin rəhbəri artıq bu meyli dayandırmaq və resursları daha balanslı şəkildə bölüşdürmək niyyətindədir. Lavrovun sözlərinə görə, bu, "zərurətdən və sağlam düşüncədən doğan addımdır".

NATO yeni planla "soyuq müharibə" dövrünə qayıdır

İyunda keçirilmiş NATO sammitində 2035-ci ilə qədər müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması qərara alınıb. Bu rəqəm indiyədək qüvvədə olan və 2014-cü ildə, Rusiya Krımı işğal etdikdən sonra tətbiq olunan 2 faizlik normanı əvəz edir.

Yeni plana əsasən, bu vəsaitin 3,5 faizi birbaşa orduların saxlanması və modernləşdirilməsinə yönələcək. Qalan 1,5 faizi isə infrastruktur, kibertəhlükəsizlik, boru kəmərlərinin qorunması, yolların və körpülərin ağır texnikanın hərəkətinə uyğunlaşdırılması kimi genişmiqyaslı sahələri əhatə edəcək.

NATO rəhbərliyi bu addımı Rusiyadan gələn "uzunmüddətli və real təhlükə" ilə əsaslandırır. Alyans ekspertləri Rusiyanın yaxın 2-5 il ərzində NATO ölkələrinə qarşı hücum ehtimalını istisna etmir. Bunu nəzərə alan Qərb siyasi elitası, xüsusilə də ABŞ prezidenti Donald Tramp Avropada hərbi mövcudluğun saxlanmasına və kollektiv müdafiə prinsipinə sadiq qalacaqlarını bəyan edib.

NATO öz mahiyyətini itirib

Lavrov isə məsələni kökündən fərqli qiymətləndirir. Onun fikrincə, SSRİ-nin süqutundan sonra NATO-nun varlığının artıq heç bir mənası yoxdur və Alyans ləğv olunmalıdır. Qərbin təbliğ etdiyi "Rusiya təhdidi" isə əslində siyasi manipulyasiyadan başqa bir şey deyil. Lavrov belə qənaətdədir ki, Moskvanın silahlanma yarışına deyil, daxili sabitliyə və iqtisadi dayanıqlığa ehtiyacı var.

Bu fikirlər fonunda Almaniyanın da "Kiberkubbe" adlı yeni təhlükəsizlik təşəbbüsü və İsraillə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq təklifləri gündəmə gəlib. Bu, Avropanın Rusiya qarşısında öz müdafiəsini çoxşaxəli şəkildə gücləndirməyə çalışdığını göstərir. Ancaq Lavrovun xəbərdarlığı aydındır: NATO bu templə davam etsə, gələcəkdə yalnız Rusiyanı deyil, özünü də ciddi iqtisadi və siyasi təlatümlərə sürükləyə bilər.

Seçilən
23
27
moderator.az

10Mənbələr