"Apple" şirkəti "Siri" səsli köməkçisinin süni intellekt imkanlarını genişləndirmək məqsədilə "OpenAI" və "Anthropic" şirkətləri ilə danışıqlar aparır.
Valyuta.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, şirkət bu tərəfdaşlıq vasitəsilə Siri-yə ChatGPT və ya Claude dil modelini inteqrasiya etməyi planlaşdırır.
Tərəflər artıq "Apple"ın "Private Cloud Compute" adlı şəxsi bulud serverlərinə inteqrasiyanın texniki detalları üzərində işləyir və modellərin qapalı infrastrukturda testlərini aparırlar. Lakin Apple hələlik tam şəkildə üçüncü tərəfin İİ texnologiyalarına keçmək barədə yekun qərar verməyib.
Mənbələrin bildirdiyinə görə, "Apple" üçün ən uyğun seçim "Anthropic" şirkətinin "Claude" modeli hesab olunur. Hazırda tərəflər arasında ilkin maliyyə şərtləri də müzakirə edilir. Söhbət illik milyardlarla dollar həcmində ödənişlərdən gedir və bu məbləğin gələcəkdə daha da artacağı proqnozlaşdırılır. Bu səbəbdən "Apple" eyni zamanda "OpenAI" ilə daha sıx əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.
"Siri" üçün nəzərdə tutulan "Apple"ın öz dil modelinin hazırlanması prosesi bir sıra texniki çətinliklərlə üzləşib. 2024-cü ilin WWDC konfransında elan edilən yeniliklərin heç biri ötən il ərzində gerçəkləşdirilməyib. Şirkət 2025-ci ilin mart ayında "Apple Intelligence" funksiyasının təqdimatını 2026-cı ilə təxirə saldığını elan edib, bu da istifadəçilər və səhmdarlar arasında narazılıq yaradıb.
Yeni Al funksiyaların "Siri"yə iOS 26 ilə əlavə olunacağı gözlənilir. Lakin süni intellektlə tam işləyən "Siri" versiyası yalnız iOS 27 sistemində – 2026-cı ilin payızında istifadəyə verilə bilər. Bu baxımdan, "OpenAI" və ya "Anthropic" ilə əməkdaşlıq "Apple"a vaxt qazanmaq və rəqabət qabiliyyətini qorumaq imkanı verəcək.
Qeyd edək ki, artıq istifadədə olan iOS 18 sistemində ChatGPT ilə ilkin inteqrasiya reallaşdırılıb. "Siri" müəyyən istifadəçi sorğularını daha geniş cavab üçün ChatGPT-yə yönləndirə bilir.
Paşa Məmmədli