AZ

"Tesla"dan İlon Maska pis xəbər: Çatdırılmalarda bir daha geriləmə yaşandı

Elektrikli avtomobil istehsalçısı "Tesla" 2024-cü ilin ikinci rübündə həyata keçirdiyi avtomobil çatdırılmalarında ötən ilin eyni dövrü ilə müqayisədə yenidən geriləmə qeydə alıb. Əgər bu mənfi tendensiya davam edərsə, İlon Maskın şirkəti ardıcıl ikinci ili də böyük uğursuzluqla başa vura bilər.

Valyuta.az xəbər verir ki, "Tesla" açıqlamasında cari ilin ikinci rübündə 384.122 avtomobil təhvil verdiyini bildirib. Bu rəqəm, 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 13,5% azalma deməkdir. Həmçinin şirkətin ilin sonuna qədər müəyyənləşdirdiyi hədəflərə çatması getdikcə çətinləşir və bu da onun ardıcıl ikinci il satışlarda geriləmə ilə üzləşə biləcəyini göstərir.

Halbuki, "Tesla" bir müddət əvvəl hər il çatdırılmalarını 50% artıracağını iddia edirdi. İndiki vəziyyət bu məqsəddən getdikcə uzaqlaşıldığını ortaya qoyur. İkinci rüb nəticələri, ilin ilk üç ayı ilə müqayisədə nisbətən daha yaxşı olsa da, fərq kifayət qədər məhduddur. Birinci rüb, son iki ilin ən aşağı çatdırılma göstəricilərinin qeydə alındığı dövr olmuşdu.

Şirkətin baş direktoru İlon Mask ilin əvvəlindəki enişi "Model Y" avtomobilinin yenilənmiş versiyası üçün istehsalın müvəqqəti dayandırılması ilə izah etmişdi. Lakin ikinci rübdə belə bir fasilə planlaşdırılmamışdı. Bununla belə, may ayının sonlarında bəzi istehsal xətlərindəki işçilərə bir neçə günlük məzuniyyət verilməsi ilə bağlı iddialar, istehsalda hələ də axsamaların olduğunu göstərir.

"Tesla" bu rübə dair maliyyə nəticələrini 23 iyul tarixində açıqlayacaq. Hesabatda həm zəif rübün maliyyə nəticələri, həm də ilin qalan dövrü üçün şirkətin planları əks olunacaq.

Bu müddət ərzində şirkətin rəhbərliyində də diqqətçəkən dəyişikliklər baş verib. İlon Maskın uzun illərdir birlikdə çalışdığı və ABŞ ilə Avropa əməliyyatlarına rəhbərlik edən Omid Afşarın vəzifəsinə son verilib. Mask isə "Tesla" və digər şirkətlərinə daha çox vaxt ayıracağını, siyasi gündəmdən bir qədər uzaqlaşacağını bəyan edib. Bu açıqlamalardan sonra şirkət uzun müddətdir üzərində işlədiyi "Robotaxi" layihəsinin məhdud versiyasını Texas ştatının Ostin şəhərində istifadəyə verib. "Bloomberg" isə satış və əməliyyat komandasında Afşarın vəzifəsini birbaşa Maskın özünün icra etdiyini iddia edib.

"Tesla"nın qarşılaşdığı çətinliklər avtomobil sektoru üzrə ümumi vəziyyəti də əks etdirir. Məsələn, "Ford" şirkəti bu ilin ikinci rübündə ABŞ-da elektrikli avtomobil satışlarının ötən ilə nisbətən 31% azaldığını bildirib. "Hyundai" və "Kia" da oxşar mənzərə ilə qarşılaşıb. Digər tərəfdən, "General Motors" yeni modellərinin təsiri ilə elektrikli avtomobil satışlarını artıra bilən nadir şirkətlərdən biri olub.

Paşa Məmmədli

Seçilən
9
50
valyuta.az

10Mənbələr