“Tesla” 2025-ci ilin ikinci rübü üzrə çatdırılma göstəricilərini açıqlayıb və bu hesabatda “Cybertruck”a olan tələbatın azalmağa davam etdiyini təsdiqləyib. Şirkətin məlumatlarına görə, hazırda elektromobilin rüblük satışı, təxminən, 5000 ədədə düşüb. Halbuki əvvəllər bu modelin 10 qat daha çox istehsalı planlaşdırılırdı.
Şirkətin hesabatında qeyd olunur ki, 2025-ci ilin ikinci rübündə digər modellər kateqoriyasına daxil olan 13409 elektromobil istehsal edilib. Bura “Model S”, “Model X”, “Cybertruck” və “Semi” yük elektromobilləri daxildir. Bu elektromobillərdən yalnız 10394 ədədi müştərilərə çatdırılıb. Bu göstərici 2024-cü ildəki pik səviyyənin yarısından da azdır. Həmin vaxt şirkət hələ də əvvəlcədən verilmiş “Cybertruck” sifarişlərini yerinə yetirirdi.
Əvvəllər “Cybertruck”ın ildə 250 min ədəd istehsalı planlaşdırılsa da, hazırkı vəziyyət tam fərqlidir. İllik istehsal həcmi 20 minə düşüb. Buna baxmayaraq, “Tesla” stimullaşdırıcı tədbirləri artırıb. Diqqətəlayiqdir ki, rəqib şirkətlərin elektrik pikapları daha yaxşı satılır. 2025-ci ilin ikinci rübündə “Ford” ötən illə müqayisədə satışları 26 faiz azalsa da, 5842 ədəd elektrikli “F-150 Lightning” modelini sata bilib. “General Motors” da ümumi elektrik pikap çatdırılmaları üzrə “Tesla”nı geridə qoyub: 3056 ədəd “Silverado EV”, 1524 ədəd “GMC Sierra EV” və 4508 ədəd “Hummer EV” çatdırılıb. Bu nəticələr şirkətlərin nümayəndələri tərəfindən açıqlanıb, lakin GM hansı hissənin məhz pikaplara aid olduğunu dəqiqləşdirməyib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”