AZ

"Rusiyanın "neft lənəti": daha bir yüksək vəzifəli şəxs müəmmalı şəkildə həlak oldu" - Ukrayna mətbuatı

"Rusiyanın enerji sektorunda ardıcıl yüksək rütbəli itkilər Kreml daxilindəki güc savaşlarının qaranlıq tərəflərini açır..."

Moskva elitasında ölüm səssizliyi hökm sürür. Daha bir neft nəhəngi rəhbəri - "Transneft" şirkətinin vitse-prezidenti Andrey Badalov müəmmalı şəraitdə dünyasını dəyişib. Onun cəsədi paytaxtın Rublyovka bölgəsində yerləşən elit yaşayış kompleksinin qarşısında tapılıb.

Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.

Rəsmi versiyaya görə, 62 yaşlı top-menecer intihar edib. Lakin istər hadisənin təfərrüatları, istərsə də son iki ildə baş verən oxşar ölümlər bu izahı daha da inandırıcı olmadan çıxarır.

İntihar, yoxsa klassik "pəncərə sindromu"?

Badalovun yaşadığı mənzil 10-cu mərtəbədə yerləşsə də, o, nədənsə 17-ci mərtəbənin eyvanından yıxılıb. Hadisə yerində polis və təhqiqat qrupu işləyir. Yerli KİV-lərin yazdığına görə, Badalov ölümündən əvvəl həyat yoldaşına vida mesajı göndərib. Həmin an evdə onun ailə üzvləri - həyat yoldaşı və iki qızı da olub, hazırda onlara psixoloji dəstək göstərilir.

İlkin məlumatlara əsasən, Badalovun ürək problemi olub və ölüm zamanı onun üzərində ürək ritmini izləyən "Holter" cihazı aşkar edilib. Amma bu detal da intihar ehtimalını daha çox sual altına salır: xəstəlikdən əziyyət çəkən şəxs niyə 7 mərtəbə yuxarı çıxıb həyatına son qoysun?

Transneft - qaranlıq kölgələrin arxasında

Andrey Badalov "Transneft"də 2021-ci ildən vitse-prezident  olub və rəqəmsal transformasiya, İT sahəsi və istehsalatın avtomatlaşdırılması üzrə məsul şəxs sayılıb. Bundan əvvəl o, dövlətə məxsus mühüm informasiya sistemlərini (məsələn, "Seçkilər" və "Ədalət" bazaları) hazırlayan "Vosxod" Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edib.

"Transneft" Rusiyanın neft nəqli üzrə əsas operatorudur, 24 min km-dən çox magistral neft kəməri və 60-dan çox nasos stansiyasına sahibdir. Şirkətin səhmlərinin yarısı Rusiya Pensiya Fonduna, böyük bir hissəsi isə Mərkəzi Banka məxsusdur. Belə bir strukturun yüksək rəhbərinin müəmmalı ölümü sıradan hadisə kimi görünə bilməz.

"Neftli" ölümlər seriyası davam edir

Bu, Rusiyanın neft-qaz sektorunda baş verən müəmmalı ölümlərin nə birincisidir, nə də yəqin ki, sonuncusu olacaq. 2022-ci ildən bəri oxşar şəraitdə azı 12 yüksək vəzifəli şəxs həyatını itirib. Onların arasında "Lukoyl"un idarə heyətinin sədri Ravil Maqanov (2022), "Qazprombank"ın sabiq vitse-prezidenti Vladislav Avaev (2022), "Lukoyl"un digər rəhbəri Vitali Robertus (2024), "Novatek"in keçmiş top-meneceri Sergey Protosenya (2022) və başqaları var.

Kimisi pəncərədən yıxılıb, kimisi ailəsini öldürüb intihar edib, kimisi isə daha qəribə şəkildə Moskva ətrafında "şamanın" evində zəhərli qurbağalarla "müalicə" zamanı ölüb. Onların hər biri ölkənin enerji sektorunda mühüm mövqelərdə çalışan şəxslər olub.

Qaranlıq sükut və cavabsız suallar

Bu ölüm dalğası artıq təkcə sosial şayiə və ya kriminal mətbuatın mövzusu deyil - bunlar sistemli, bəlkə də məqsədli şəkildə reallaşan bir kampaniyanı xatırladır. Nədən bu qədər yüksək çinli şəxs, xüsusilə də enerji sektorundan, ya pəncərədən düşür, ya ürəyi "tutulur", ya da intihar edir? Andrey Badalovun faciəli ölümü bu suallara yeni bir əlavədir. Onun ardınca kim olacaq və bu silsilə nə vaxt dayandırılacaq, hələlik cavabsız qalır.

Seçilən
28
50
moderator.az

10Mənbələr