EN

"Dörd asteroid və Yer üçün gerçək təhlükə: Alimlər nəyə diqqət yetirirlər?" - BBC

"Asteroidləri izləmək yalnız fəlakətin qarşısını almaq üçün deyil, həm də həyatın mənşəyini, planetlərin necə formalaşdığını və kosmosdakı gələcəyimizi anlamaq üçün vacibdir..."

Adətən asteroidlər haqda yalnız elmi-fantastik filmlərdə və ya xəbər kanalları "göydən daş düşür" həyəcanı yaşadanda düşünürük. Amma gerçəkdə dünyanın müxtəlif guşələrində teleskoplar və elmi qurumlar bu səma cisimlərini daimi izləyir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, bunun tək səbəbi təhlükə deyil - asteroidlər həm də Günəş sistemimizin sirli keçmişini anlamaq üçün açar rolunu oynayır.

Asteroidlər nədir və niyə vacibdir?

Asteroidlər 4,6 milyard il əvvəl Günəş sisteminin formalaşması zamanı yaranmış qədim qalıqlardır. Ən çoxu Marsla Yupiter arasında yerləşən asteroid qurşağında dövr edir. Lakin bəziləri Yerə yaxınlaşıb həm təhlükə yarada, həm də həyatın başlanğıcı ilə bağlı suallara cavab verə bilər. Planetoloq Monika Qreydi deyir ki, bəzi asteroidlərdə həyatın "tikinti materialları" - üzvi birləşmələr var və ehtimal olunur ki, həyat Yerə məhz asteroidlərlə gəlib.

Elm adamlarının diqqətində olan 4 asteroid

1. Apofis: Yaxın və möhtəşəm

2004-cü ildə kəşf edilən Apofis adını Misir xaos tanrısından alıb. Başlanğıcda Yerə çırpılmaq riski olsa da, NASA bu ehtimalı artıq aradan qaldırıb. 2029-cu il aprelin 13-də Yerə cəmi 32 min kilometr məsafədən keçəcək - bu, geostasionar peyklərin orbitindən də yaxın məsafədir. NASA hesab edir ki, bu yaxınlıq onun formasına və orbitinə təsir edə bilər. Çapı təxminən 340 metrdir və adi gözlə görünə biləcək qədər yaxın olacaq.

2. 2024 YR4: Qısa müddətlik təlaş

2024-cü ildə kəşf edilən bu asteroidin 2032-ci ildə Yerə çırpılmaq ehtimalı müvəqqəti olaraq 1:32 kimi hesablanıb. Sonradan NASA bu riskin olmadığını açıqlayıb. Lakin alimlər bildirir ki, belə obyektlərin trayektoriyalarını daha dəqiq müəyyən etmək üçün müşahidələr davam etməlidir. Hətta Ayla toqquşma ehtimalı belə (3,8 faiz) nəzərdən keçirilib.

3. DART missiyası: Didimos və Dimorfos

Didimos və onun kiçik peyki Dimorfos təhlükə yaratmasa da, NASA 2022-ci ildə DART adlı xüsusi zondu Dimorfosa göndərərək onu qəsdən vurub. Məqsəd gələcəkdə Yeri təhdid edə biləcək cisimlərin trayektoriyasını dəyişməyin mümkün olub-olmadığını yoxlamaq idi. Bu, bəşəriyyətin ilk "planetar müdafiə testi" idi. Nəticələr uğurlu olub - orbit dəyişib və bu prosesi Yer üzündən müşahidə etmək mümkün olub. 2026-cı ildə ESA-nın "Hera" adlı missiyası bu dəyişiklikləri yerindəcə analiz edəcək.

4. Psixeya: Günəş sisteminin metallik sirri

1852-ci ildə kəşf edilən Psixeya asteroidinin tərkibində çoxlu miqdarda metal olduğu düşünülür. Mars və Yupiter arasında dövr edən bu obyekt, alimlərin fikrincə, planetlərin nüvələrinin necə formalaşdığına dair önəmli məlumatlar verə bilər. NASA 2023-cü ildə bu asteroidə xüsusi tədqiqat missiyası göndərib və məqsəd onun dəqiq xəritəsini çıxarmaqdır.

Yeni asteroidlər: kəşflərin sayı artır

İyunun əvvəlində "Vera Rubin" rəsədxanası təkcə 10 saatlıq müşahidə ilə 2000-dən çox yeni asteroid və Yerin yaxınlığında 7 göy cismi aşkarlayıb. Hər il ümumilikdə 20 min yeni asteroid qeydə alınır. Professor Qreydi bildirir ki, bu teleskoplar sayəsində milyonlarla yeni asteroid kəşf ediləcək və bu da bizim Günəş sistemini daha dərindən anlamamıza imkan verəcək.

Əksər asteroidlər Yer üçün təhdid yaratmır. Amma onları izləmək yalnız fəlakətin qarşısını almaq üçün deyil, həm də həyatın mənşəyini, planetlərin necə formalaşdığını və kosmosdakı gələcəyimizi anlamaq üçün vacibdir. Elm bu səssiz kosmik daşlardan danışmağa davam edir.

Chosen
33
50
moderator.az

10Sources