AZ

"Çeçenistan və Kadırovlar: Klanın ölməz hakimiyyəti" - "Deutsche Welle"

"Ailəyə həsr olunmuş Respublika və Moskvadan gələn səssiz razılıq..."

17 yaşlı Adam Kadırovun təkəbbürlü və dəbdəbəli toy mərasimi hazırkı Çeçenistan rəhbərinin ailəsi üçün necə bir gələcək istədiyini aydın şəkildə göstərib. Moskva isə bu səhnəyə yalnız paxıllıqla baxa bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri üçün yazdığı köşəsində jurnalist Tatyana Felgenhauer qeyd edir.

"Başqa Bezos yoxdur"

Dünyanın diqqəti "Amazon"un rəhbəri Ceff Bezosun Venesiyadakı toyuna yönəldiyi anda, Rusiya tamamilə fərqli bir mərasimi müzakirə edib: Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın toyu. Doğrusu, Bezos belə Adam qədər medal və orden toplamayıb.

Adam Kadırov - uşaqlıqdan "layihə"yə çevrilmiş bir gənc. İlk illərindən etibarən fəxri adlar və idman uğurları ilə "yetişdirilən" Adam daim qalmaqalların mərkəzində olub. 15 yaşında, hüquqi baxımdan hələ yeniyetmə ikən, atası onu şəxsi mühafizə xidmətinin rəhbəri təyin edib. Sonrakı illərdə daha yüksək postlara təyin edilərək Çeçenistan Təhlükəsizlik Şurasının katibliyi də daxil olmaqla dövlət aparatında sürətlə yüksəlib.

Qızıl tapançalar, sanksiyaya məruz qalan bahalı avtomobillər, tam cəzasızlıq və ümumi toxunulmazlıq - Adam Kadırovun simasında Ramzan Kadırov öz şəxsi "layihəsini" bütün səviyyələrdə irəli çəkib. Elə həmin Adam idi ki, Qroznıda saxlanılan və Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli kameralar qarşısında döyüb. Həmin görüntüləri Ramzan Kadırovun özü yayıb və "tərifləyib". O, oğlunun bu "cəsarəti" ilə fəxr edir və onu Vladimir Putinə də təqdim edir.

Kreml hər şeyə razıdır

Adam hələ 17 yaşındadır. Amma bu nə vəzifə almağa, nə də toy etməyə mane olmur (Rusiyada 18 yaşdan əvvəl nikaha girmək üçün xüsusi icazə tələb olunur). Görəsən, Ramzan Kadırov bu "layihəni" onun 21 yaşına çatanda hara qədər aparacaq? Həmin yaşda artıq federal vəzifələrə yiyələnmək mümkündür.

Hazırda isə Çeçenistanda bütün hakimiyyət Ramzan Kadırovun övladları və qohumları arasında bölünüb. Klan bütövlükdə respublikanı ələ keçirib. Federal mərkəz isə bu sistemi səssizcə qəbul edir. Putin müntəzəm olaraq Kadırovla görüşür, oğlu ilə şəkil çəkdirir və hər kəsə açıq siqnal verir: vəziyyət dəyişmir.

Adamın toyunda federal hökumətin təmsilçiliyi də bu status-kvonu təsdiqləyir. Görünür, yalnız region rəhbərləri deyil, iki baş nazir müavini və bir neçə xarici səfir də dəvət olunub. Son illər ərzində "Kadırovun kreslosu titrəyirmi?" sualını verənlər bu toydan sonra əmin ola bilər: yox, daha da möhkəmlənib və yanında yeni Kadırovlara yer açılıb.

Kadırovun əbədi hakimiyyət arzusu

Bu sərhədsiz dəbdəbə və ifrat israfçılıq, təbii ki, Ramzan Kadırovun düşmənlərini qəzəbləndirir. Amma bu, Rusiyadan sürgün edilmiş müxaliflər deyil. Əsl nifrət "turbopatriot"lardan gəlir - onlar Adam Kadırovun qolundakı milyonlarla dollar dəyərində saatları, sürdüyü bahalı avtomobilləri kadr-kadr təhlil edir. Hətta Putini də bu "rəzalətə icazə verdiyi üçün" tənqid edir.

Sosial bərabərsizlik göz önündədir, və z-yazarlar bunu yalnız Qroznıda deyil, Kremlə qədər uzanan bir problem kimi görür. Onlardan biri yazır: "Gec-tez hər kəs etdiyi əməlin əvəzini ödəyəcək. Pislərdən Allah Vladimiroviç özü alacaq, yaxşılara isə kömək edəcək. Adamcanın 28 milyonluq saatı öz-özünə gəlməyib. İyulun 1-dən etibarən Rusiyada kommunal tariflər rekord səviyyədə - 15-23 faiz arası qalxacaq".

Ancaq bu narazılıq kütləvi etiraza çevrilmir. Çünki hamı bilir ki, Kadırov güclüdür və düşmənləri ilə necə davrandığını yaxşı nümayiş etdirib. Daha da maraqlısı odur ki, hazırkı Rusiya elitasının böyük bir hissəsi ona qibtə edir. Öz qızlarını və oğullarını nazirlərə, direktorlar şurasına təyin edən məmurlar belə Kadırov qədər klan hakimiyyəti qura bilməyib. Amma Kadırov artıq bunu bacarıb.

Seçilən
11
50
moderator.az

10Mənbələr