EN

"OpenAI"dan əməkdaşlarına: 100 milyon dollarlıq gülünc təkliflərə müqavimət göstərin!

"OpenAI" texnologiya nəhəngi "Meta"nın 100 milyon dollara çatan “imza bonusları” ilə əməkdaşları öz tərəfinə çəkməyə çalışmasına sərt reaksiya verib. 

Valyuta.az xəbər verir ki, şirkət komandadan Süni Ümumi İntellekt (AGI) hədəfi istiqamətində yoluna davam etməsini istəyib.

Xüsusilə AGI inkişafı məqsədini prioritetə çevirən "OpenAI" komandasında yer alan istedadların qorunmasını əsas məsələ kimi dəyərləndirir. İcraçı direktor Sem Altmanın rəhbərliyi ilə şirkət rəqib texnologiya firmalarının, xüsusilə də "Meta"nın diqqət mərkəzinə düşüb.

Altman son günlərdə verdiyi açıqlamada "Meta"nın bəzi "OpenAI" əməkdaşlarını 100 milyon dollara qədər imza bonusları ilə transfer etdiyini bildirib. "Meta"nın şirkətin əsas gücü olan tədqiqatçıları cəlb etmək üçün cəlbedici təkliflər irəli sürdüyü vurğulanıb.

"Wired" tərəfindən yayımlanan məlumata görə, "OpenAI"ın baş tədqiqat direktoru Mark Çen, bu vəziyyətdən narazılığını şirkətdaxili "Slack" kanalında açıq şəkildə ifadə edib. O, "Meta"nın aqressiv işəqəbul strategiyasını “kimsə evimizə girib bizdən nəsə oğurlayırmış kimi” dəyərləndirib.

Çen bildirib ki, Sem Altman və digər rəhbərlik üzvləri ilə əməkdaşlıq edərək əməkdaşlara daha güclü maliyyə təklifləri təqdim etməyin yollarını araşdırırlar. Onun əsas hədəfi isə açıqdır: şirkətin ən bacarıqlı mütəxəssislərini saxlamaq.

Həmçinin o, "OpenAI"ın tədqiqat komandasındakı yeddi baş tədqiqatçının "Meta"dan gələn təkliflərə necə yanaşmalı olduqları barədə tövsiyələrini əməkdaşlarla bölüşüb. Bu tövsiyələr arasında “Meta”nın “gülünc səviyyədə” cəlbedici təkliflərlə təzyiq yaratmağa çalışacağı təqdirdə buna açıq şəkildə qarşı durma çağırışı da yer alır.

"OpenAI" əməkdaşları son aylarda həftədə 80 saata çatan ağır iş yükü ilə üzləşiblər. Bu səbəbdən şirkət yaxın həftə üçün əməkdaşların istirahət edə bilməsi məqsədilə geniş miqyaslı bağlanma dövrü planlaşdırıb. Lakin rəhbərlik bu fasilənin "Meta"nın işə qəbul fəaliyyətlərini sürətləndirməsi üçün əlverişli zəmin yarada biləcəyindən narahatdır.

Bu kontekstdə Mark Çen əməkdaşlara xatırladıb: "AGI hədəfinə fokuslanmaq bizim əsas vəzifəmizdir. "Meta"nın təklifləri ilə məşğul olmaq sadəcə diqqət yayındıran yan işlərdir".

"OpenAI" komandası "Meta"nın yüksək maaş və bonus təkliflərinə qarşı hansı mövqe sərgiləyəcək, hələlik dəqiq bilinmir. Bəzi mənbələrə görə, "Meta"nın rəhbəri Mark Zukerberq birbaşa bəzi "OpenAI" əməkdaşları ilə əlaqə saxlayaraq şəxsi transfer təklifləri irəli sürüb. Son məlumatlara əsasən, "Meta" artıq "OpenAI"dan dörd baş tədqiqatçını öz “süper süni intellekt laboratoriyası”na cəlb etməyə nail olub.

Paşa Məmmədli
 

Chosen
25
8
valyuta.az

10Sources