““Azərbaycanfilm” kinostudiyası fəaliyyətsizdir. Mütəxəssislər necə, harada yetişsin? Texniki cihazları idarə etmək üçün mütləq mütəxəssis yetişdirmək lazımdır. Orada elə zərgər dəqiqliyi lazımdır ki.. O insanlar çıxıb getdilər. Onları yetişdirmək üçün 10 illiklər lazımdır. Ən xırda detalları belə incəliklə öyrətmək lazımdır. Tüstü verənlər belə işinin fədaisi olmalıdır. Biri var ki, rejissor, aktyor gedib oxuyub gəlir. Texniki işçilər isə iş prosesində yetişir. Bir pirotexnik var, o köhnədən qalıb. Amma müasir dövrdür, hər şey müasirləşib”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadə bildirib.
O daha sonra illər öncə “Mən ki, gözəl deyildim” filminin çəkilişlərində də partlayış baş verdiyini bildirib:

“Rejissor Ramiz Əsgərov “Mən ki, gözəl deyildim” filmini çəkməyə başlamışdı. Çəkilişlər Lənkəranda baş tutmalı idi. Qayıqla bir səhnə var idi. Dinamiki quran pirotexnik partlayıcını qayığa qoymaqdan, səhvən operator və rejissorun yanına qoyub. Elə bilib ki, içi boşdur. “Mator” veriləndə güclü partlayış baş verib. Rejissor da daxil olmaqla 4 nəfər həlak olub. O vaxt aparıb dəfn etdik. Rasim Ocaqov da yaralanmışdı. Partlayıcı maddə onun dabanına toxunmuşdu. Sonra çəkilişlərdən imtina etdi və bir daha bu filmi çəkmədi. Filmi daha sonra Tofiq Tağızadəyə tapşırdılar. O da bütün kollektivi dəyişdi, yenidən filmi çəkməyə başladı”, - deyə Aydın Kazımzadə bildirib.