EN

Azərbaycan-Özbəkistan modeli digər ölkələr üçün də nümunə ola bilər

"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişaf tarixində yeni səhifə açır. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, bu gün Azərbaycan–Özbəkistan əlaqələri təkcə dostluq münasibətləri deyil, həm də strateji müttəfiqliyə əsaslanan çoxşaxəli tərəfdaşlıq modelidir. İmzalanan sənədlər, həyata keçirilən ortaq layihələr və xalqların bir-birinə dərin hörməti münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərir."

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, ötən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan və Özbəkistanın tarixində ən yüksək səviyyəli siyasi sənəddir:

"Dövlətimizin başçısının qeyd etdiyi kimi, iki ölkənin artıq iki ildir rəsmi müttəfiq statusu var və bu status beynəlxalq aləmdə qarşılıqlı dəstək, mövqelərin koordinasiyası və çoxsaylı sahələrdə konkret fəaliyyətlərlə təsdiqlənir. Bu yanaşma təkcə siyasi yaxınlığı deyil, həm də regionda yeni güc mərkəzinin formalaşmasını nümayiş etdirir.

Özbəkistanın son illərdə sürətli inkişafı və əlverişli biznes mühiti Azərbaycan üçün yeni imkanlar açır. Birgə İnvestisiya Fondu artıq ondan çox layihəni praktiki mərhələyə çatdırıb və fondun 500 milyon dollarlıq kapitalı hələ yalnız başlanğıc kimi qiymətləndirilir. Energetika, mehmanxana biznesi, kənd təsərrüfatı və tikinti sahələrində birgə investisiya layihələrinin reallaşdırılması, əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılması barədə razılaşmalar regional iqtisadi inteqrasiyanı daha da gücləndirəcək.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan öz investisiyalarını prioritet qaydada məhz Özbəkistan iqtisadiyyatına yönəltməyi planlaşdırır. Bunun iki əsas səbəbi var: ölkələr arasındakı qardaşlıq əlaqələri və Özbəkistan rəhbərliyinin apardığı məqsədyönlü islahatlar nəticəsində yaranan şəffaf biznes mühiti."


Azər Kərimli vurğulayıb ki, iki ölkə üçün əsas strateji istiqamətlərdən biri də şaxələndirilmiş nəqliyyat infrastrukturunun inkişafıdır:

"Xəzər vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana və buradan Avropaya uzanan nəqliyyat dəhlizləri təkcə Azərbaycan-Özbəkistan əməkdaşlığını deyil, həm də bütün regionun tranzit potensialını artırır. Orta Dəhlizin müxtəlif qollarının tikintisi və istismarı ilə bağlı məsələlərin koordinasiyası, Azərbaycanda yüklərin qəbuluna hazır infrastrukturun gücləndirilməsi səfərin gündəliyində xüsusi yer tutub. Bu həm Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır, həm də Özbəkistanın dünya bazarlarına çıxış imkanlarını genişləndirir.
Azərbaycan cəmiyyətində və siyasi rəhbərlik səviyyəsində Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfə yüksək dəyərləndirilir. Prezident Mirziyoyev regionda ilk olaraq təşəbbüs göstərib və Füzulidə tikilən məktəb bunun bariz nümunəsidir. Daha sonra Xankəndidə açılan tikiş fabriki 200-dən çox ailənin məşğulluğunu təmin etməklə həm sosial, həm iqtisadi baxımdan bərpa prosesinə dəyərli dəstəkdir. Bu layihələr qardaşlıq münasibətlərinin praktik təzahürüdür və regionun sürətli inkişafına real töhfə verir.


Deputatın sözlərinə görə səfər çərçivəsində Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılışı və “Ağ şəhər”də yaradılacaq Özbəkistan parkının təməlqoyma mərasimi iki ölkə xalqlarının tarixi bağlarını əbədiləşdirən simvolik addımlardır:

"5 hektar ərazidə salınacaq park Bakının ən müasir urbanizm layihələrinin bir hissəsinə çevriləcək. Bu həm mədəniyyətlərarası əlaqələrin inkişafına, həm də şəhər infrastrukturunun gözəlləşməsinə xidmət edir.
Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərini təkcə strateji tərəfdaşlıq deyil, həm də dərin qardaşlıq və qarşılıqlı etimad müstəvisinə çıxarır. İqtisadi layihələr, nəqliyyat dəhlizləri, Qarabağın bərpasına dəstək, mədəni təşəbbüslər və idmanda həmrəylik bütün bunların yalnız başlanğıcıdır. Regional sabitlik və davamlı inkişaf naminə belə yaxın əməkdaşlıq modeli digər ölkələr üçün də nümunə ola bilər.

Bu gün Azərbaycan və Özbəkistan Avrasiya məkanında həm siyasi, həm iqtisadi, həm də humanitar baxımdan çoxşaxəli və gələcəyə hesablanmış ittifaq formalaşdırır. Bu ittifaq xalqların iradəsinə, ortaq tarixə və çağdaş dövrün inkişaf tələbələrinə əsaslanır."

Chosen
9
25
modern.az

10Sources