İndoneziyanın Bali adası yaxınlığında içərisində 65 nəfərin olduğu bərə batıb. İndoneziya Axtarış və Xilasetmə Agentliyi hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini, 30 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb. Qəzadan 31 nəfərin sağ qaldığı bildirilib.
“KMP Tunu Pratama Jaya” adlı bərə srağagün axşam Şərqi Yava əyalətindəki Banyuvangi limanından Bali şəhərinə yola düşdü. Agentliyin paylaşdığı məlumata görə, bərədə 53 sərnişin və 12 ekipaj üzvü, həmçinin 22 nəqliyyat vasitəsi olub.
Bildirilib ki, itkin düşən 30 nəfərin tapılması üçün axtarış əməliyyatı aparılarkən, güclü axın və külək səyləri yarımçıq qoyub. Səylərdə bir helikopter və 13 sualtı xilasetmə heyətinin də iştirak etdiyi bildirilib.
Sərnişinlərin hansı ölkədən olması ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, “MetroTV” kanalının açıqladığı siyahıda bərədə heç bir xarici ölkə vətəndaşının olmadığı görülüb.
17.000-dən çox adanın olduğu İndoneziyada bərələr nəqliyyat üçün tez-tez istifadə olunan dəniz vasitəsidir. Ciddi təhlükəsizlik standartlarının olmaması səbəbindən, həddindən artıq yüklənmə və adekvat qəza avadanlığının olmaması ölkədə tez-tez dəniz qəzalarına səbəb olur. 2023-cü ildə Sulavesi adasında kiçik bərə batması nəticəsində ən azı 15 nəfər həyatını itirmişdi.