ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 3 iyul, AZƏRTAC
Hazırda dünya ölkələrində plastik kütlədən müxtəlif əşyalar hazırlanır. Birdəfəlik istifadə üçün yararlı olan həmin məhsullar əksər hallarda təbiətə atılır. İnsanların laqeydliyi nəticəsində kütləvi toplaşma yerlərində, çimərliklərdə, ictimai-iaşə müəssisələrində il ərzində milyardlarla ton plastik və polietilen məhsul yığılır.
Bunu 3 İyul - Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, plastik və polietilen məhsulların təbiətdə yarımparçalanma dövrü bir əsr, bəzən isə 400-500 il davam edir. Ona görə də həmin məhsullar təbiətə çox ciddi ziyan vurur.
Ənvər Əliyev bildirib ki, dünyanın bir çox ölkələrində plastik və polietilen məhsulların təbiətə ziyan vurmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülür və çox yaxşı nəticələr əldə edilir. Belə ki, plastik və polietilen materialların müxtəlif əvəzediciləri var. Plastik butulka və stəkanları şüşədən, kağızdan hazırlanmış məhsullarla, polietilen torbaları isə müxtəlif zövqlə fərqli ölçüdə və dizaynda hazırlanan çantalarla əvəzləmək mümkündür:“Bəzi mağazalarda hətta həmin torbalar pulsuz da təqdim edilir. Ekoloji cəhətdən təmiz olan torbalar ya bir dəfə, ya da uzun müddət istifadə üçün yararlı olur. Bir sıra qabaqcıl ölkələrdə tətbiq edilən bu üsul yaxşı nəticələr verir”.
Bundan əlavə, şöbə müdirinin fikrincə, plastik tullantılarla çirklənmənin qarşısını almağın ən yaxşı üsul onları faydalı bir məhsula çevirməkdir:”Bunun üçün bəzi ölkələrdə hətta müəyyən məntəqələr mövcuddur. Norveçdə mövcud olan belə bir məntəqədə xüsusi texnologiyalarla plastik kütlələrdən hidrogen alınmasına başlanılıb. Məlumdur ki, hidrogen də gələcəkdə yanacaq kimi daxiliyanma mühərriklərində istifadə oluna bilər”.
Ənvər Əliyev deyib ki, insanların məişət mədəniyyəti də plastik və polietilen məhsullarla çirklənmənin qarşısını ala bilər. Belə ki, bütün tullantıların çeşidlənərək xüsusi ayrılmış qablara atılması kimi variantlar təbiəti plastik çirklənmədən azad edə bilər. Bu zaman plastik tullantılar presslənir, daşınır və gələcəkdə növbəti istehsal xammalı kimi istifadə olunur. Tullantıların poliqonlara çeşidlənərək deyil, qarışıq formada atılmasının ziyanları isə kifayət qədər böyükdür. Tullantıların yandırılması zamanı atmosferə külli miqdarda acı, tünd, zəhərli maddələr atılır ki, bunlar da insan sağlamlığına mənfi təsir göstərir. “Artıq bir neçə ildir ki, Azərbaycanda qalınlığı 15 mikrona kimi olan polietilen torbaların istehsalı və istehlakı qadağandır. Eyni zamanda, daşıma vasitəsi kimi verilən polietilen torbalar ödənişlidir. Lakin burada ən mühüm məqam vətəndaşların buna yanaşmasıdır. Düşünürəm ki, vətəndaşlar da tullantıları çeşidlənmiş qablara atmaq qaydasına əməl etsələr, plastik və polietilen məhsulların əvəzləyicilərinə üstünlük versələr, o zaman, problemin öhdəsindən gəlmək olar", - deyə şöbə müdiri diqqətə çatdırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.