Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təxminən bir saat davam edən telefon danışığı baş tutub.
AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
“Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə ABŞ prezidenti Donald Tramp arasında daha bir saata yaxın davam edən söhbət indicə başa çatıb”, - deyə Uşakov bildirib.
Müzakirə zamanı Ukraynadakı vəziyyətin nizamlanması, Yaxın Şərq münaqişəsi, Moskva ilə Vaşinqton arasında iqtisadi layihələr, həmçinin ənənəvi dəyərləri təbliğ edən filmlərin mübadiləsi məsələləri gündəmə gəlib.
Vladimir Putin amerikalı həmkarını ABŞ-ın 4 iyul Müstəqillik Günü münasibətilə təbrik edib. Tramp isə cavabında “böyük, gözəl qanun layihəsi” barədə danışıb.
Yuri Uşakov qeyd edib ki, prezidentlər “eyni dalğa uzunluğundadırlar”.