EN

Halim Fıçıcı: "Qəbələ"nin yetirmələrinə haqqımı halal etmərəm!

BAKI. 3 iyul. TELEQRAF

"Hazırda orada olmasam da, Azərbaycanla və Azərbaycan futbolu ilə maraqlanıram. Bunu, xəbərlərə baxarkən, idman saytlarından öyrəndim. Çox məyusam".

Bunu Teleqraf-a açıqlamasında fəaliyyətini məhdudlaşdıran "Qəbələ" Futbol Akademiyasının sabiq baş məşqçisi Halim Fıçıcı deyib.

Onun sözlərinə görə, Azərbaycan futbolunun "Qəbələ" Futbol Akademiyasına çox ehtiyacı var: "2008-ci ildə Qəbələyə gəldiyimiz vaxt orada heç nə yox idi. Bircə köhnə stadion var idi, orada da əsas komanda oynayırdı. Biz akademiya qurmaqdan ötrü böyük əmək sərf etdik. Addım-addım, daşı daş üstünə qoyaraq, bir akademiya inşa etdik və çox gözəl yerlərə gətirdik. Oaralarda çox insanın əməyi var. Akademiyanın rəhbəri Ali Yavaşla gəldiyimiz vaxt ilk qazmanı biz vurduq. Klubun ovaxtkı prezidenti Tale Heydərov sağ olsun, hazırkı prezident Fariz Nəcəfovla birlikdə hər dediyimizi etdi. Çox uzun məsafə qət etdik. Lakin tam zirvədə ikən belə bir hadisənin baş verməsini istəməzdim".

Türkiyəli mütəxəssis bildirib ki, Azərbaycan futbolunun inkişafı üçün akademiyalar qurmaqla rəqabət mühiti yaratmaq lazımdır. Əks halda, Avropada futbolçunun oynaması xülya olar. Fıçıcı bu məsələdə AFFA-nı fəaliyyətsizlikdə qınayıb: "Yəni, bircə azərbaycanlı futbolçu da Avropada oynaya bilməz. Arada bir nəfər çıxa bilər, o da təsadüfən. Azərbaycanda akademiya çoxluğu yoxdur. AFFA Azərbaycan futbolunun inkişafını istəyirsə, rəqabət mühitinin mütləq inkişaf etdirilməsi lazımdır. Bu isə akademiyaların sayını çoxaltmaqla mümkündür. Məsələn, İmişli və Qusar rayonlarında qapalı, normal qış və yay mövsümü keçirən yerlərdə isə açıq meydançalar salmaq lazımdır. Futbolçular 12 ay ərzində oynamaları və rəqabət mühiti təmin olunmalıdır. Bunları etməli olan qurum isə AFFA-dır. Lakin AFFA etmir, ağlına da gətirmir".

Keçmiş baş məşqçi "Qəbələ" Futbol Akademiyasının yetirmələrinə səslənməyi də unutmayıb: "Adlarını da sadalaya bilərəm: Elvin Camalov, Murad Musayev, Qismət Alıyev, Emil Səfərov, Amin Seydiyev, Şahin Şahniyarov, Tellur Mütəllimov, Yusif Nəbiyev, Fərid Nəbiyev, Turan Manafov, Amil Yunanov. Saylarını daha da uzatmaq olar. Amma ağlıma gələnlər bunlardır. Toplanaraq, akademiyanın yaşaması üçün bir mətbuat konfransı keçirməli, AFFA-nı məcbur etməlidirlər. Bəlkə də etməzlər. Amma etməsələr, onlara haqqımı halal etmərəm! Akademiyaya sahib çıxmalı qurum AFFA-dır. Eyni zamanda, açığı, Tale Heydərovdan da ricam var. Çünki bütün əziyyətlər onundur. Mənəvi dəstəyi biz versək də, maddi baxımdan hər cür köməkliyi göstərən şəxs, akademiyanı yaşadacaq insanlardan biri odur".

Qeyd edək ki, bu gün "Qəbələ" klubu Futbol Akademiyasının maddi problemlər üzündən fəaliyyətini məhdudlaşdırdığını açıqlayıb.

Chosen
23
24
teleqraf.com

10Sources