EN

Müttəfiqlikdən strateji inkişafa » AzadMedia.az


İbrahim Cəfərov,
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü


Azərbaycanın TDT-nin güclənməsində rolu xüsusi əhəmiyyət daşıyır. Heç  şübhəsiz ki, dövlətimiz TDT ölkələrinə üzv olan ölkələrlə də ikitərəfli əlaqələri genişləndirir.
Bu baxımdan bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri  qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir.
Bu gün hər iki dövlət arasında bir çox sahələr üzrə əlaqələr var. Bu əlaqələr Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşlığın nəticəsidir.  Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə daxil olmaqla yanaşı, həm də  dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar zamanla da da möhkəmlənib.
Ötən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Hesab edirəm ki, bu sənədin çox böyük tarixi əhəmiyyəti var. Artıq iki ildir ki, rəsmi müttəfiqik. Demək olar ki, həm Özbəkistan həm də Azərbaycan beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyət göstərir, bir sıra lahiyələr həyata keçirir.
İki ölkə arasında əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək 190-dan çox ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib.
Bu gün iki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Bu münasibətlər yalnız dostluq səviyyəsində deyil, həm də hərtərəfli və strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Strateji münasibətlərin ideya əsasları böyük siyasi uzaqgörənliklə hələ sovet dövründə qoyulub. 1970-ci illərdə Azərbaycanın rəhbəri Heydər Əliyev və Özbəkistanın o zamankı rəhbəri Şərəf Rəşidov arasında şəxsi dostluq və qarşılıqlı hörmət əlaqələri bu gün də dərin hörmətlə yad edilir. Ulu Öndər Heydər Əliyev özbək xalqına daim xüsusi rəğbət bəsləmiş, bu münasibət sonradan yüksək səviyyəli dövlətlərarası əlaqələrdə davam etdirilib.

Həmçinin bir müddət əvvəl hər iki dövlət tərəfindən  birgə İnvestisiya Fondu yaradılıb. Bu Fond artıq praktiki olaraq layihələrlə təmin edilib. Eyni zamanda, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxır. Özbəkistana investisiyalar Azərbaycan  üçün prioritetdir. Mətbuata birgə bəyanat zamanı toxunulan əsas məsələlərdən biri də Özbəkistanın Qarabağ bölgəmizin bərpasına yardımla bağlıdır. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. Bu da qardaşlığın, dostluğun nəticəsində reallaşmış layihələrdən biridir. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir.

Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Bütün bunlar iki dövlət arasında olan çox yaxın münasibətlərin nəticəsidir. Demək olar ki, bir çox sahələr üzrə qarşılıqlı inkişaf hər zaman öz əhəmiyyəti ilə seçilir.
Chosen
14
50
azadmedia.az

10Sources