EN

Ürək cavandır hələ...- Fuad Biləsuvarlı yazır





ƏLİQİSMƏT LALAYEV - 69


Olur ki, biz media işçiləri sözdən israfçılıqla istifadə edirik. Qəhrəmanımıza layiq olduğundan artıq don geydiririk. Hesab edirəm ki, belə də hörmətli oxucularımız bizdən çox vaxt incik düşür.
Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev haqqında bu qeydləri gecənin bir aləmində qeydə almağa başlayanda, nədənsə, ilk xatırladığım bunlar oldu. Görəsən, 69 illik ömrünün demək olar ki, yarım əsrdən çoxunu teatr sahəsinə həsr etmiş bu yüksək ziyalının ömür yoluna işıq sala biləcəyəmmi?


Çünki bu işığın özü də onun yaratdığı səhnələrin sehrində gizlidir. Hər tamaşada, hər aktyorun oyununda, hər küncdə-bucaqda səssiz bir fədakarlığın izi var — o izlər ki, onları yalnız ürəklə görmək mümkündür. Əliqismət müəllimin sənətə olan sevgisi pafossuz, iddiasız, lakin büsbütün qətiyyətli və səbirli bir emalat ruhuna malikdi. O, teatrı yalnız səhnədən ibarət görmür– bu onun nəfəsi, ürək döyüntüsü, hər səhər yuxudan durma səbəbidi.

O, rəhbərlik etdiyi teatrın ruhunu yaşatmağı təkcə peşə deyil, mənəvi borc bilir. Əgər bir aktyor bir gün yorğun, bir işıqçı ruhsuz, bir musiqiçi əminliksiz səhnəyə çıxardısa, Əliqismət müəllim buna ilk baxışdan fərq qoyur. Çünki onun üçün teatr kollektiv yox, həm də ailədi. Bu ailənin hər üzvü onun üçün əziz, vacib, unikaldı. Hər uğurlu tamaşadan sonra pərdənin arxasında dayanan səssiz zəhmət sahiblərinin adını çəkərək onlara təşəkkür etməsi, onun necə insan olduğunu deməyə kifayət edər.

Əliqismət Lalayev sadəcə teatrın direktoru deyil— o, öz varlığı ilə sənəti təşkilatçılıqdan məhrum edən rəsmi çərçivələri dağıdır, sənəti hər gün yenidən yaşadan bir ustad idi. Akademik titulları, fəxri adları yalnız bir rəsmi çərçivə kimi yox, ömrünə möhür vurulmuş ictimai etimad və xalq məhəbbəti kimi daşıyır.

Zəngin həyat yolu keçmiş Əliqismət müəllim çox, olduqca maraqlı bir müsahibdir. Onun söhbətlərinin cazibəsindən çıxmaq olmur. Aydın diksiya, məntiqi fikirlər, ən başlıcası sifətindəki xoş aura bu cazibəni daha da artırır.
Onu saatlarla dinləmək istəyirsən...

Çünki səsinin hər titrəyişində səhnənin nəfəsi duyulur, fikirlərində bir epoxanın aynası əks olunur. Danışdığı zaman yalnız xatirələri bölüşmür, həm də bir dövrü, bir sənət ideologiyasını canlandırır. Onunla söhbət – sözün əsl mənasında – canlı bir sənət dərsidir.

Onu dinləyə-dinləyə fikirləşirəm: Görəsən Əliqismət müəllim mədəniyyət sahəsini deyil, digər bir sahəni seçsəydi, necə olardı?!
Məsələn, yaxşı bir həkim, yaxud çox bacarıqlı bir mühəndis... Yox, Əliqismət müəllim elə 50 ildən çox təmsil elədiyi mədəniyyət sahəsi üçün yaranıb və nə yaxşı da ki, belə olub.

Çünki sənət, Əliqismət müəllimin ruhunun təbii dilidir. O, səhnə ilə nəfəs alır, mədəniyyətin damarlarından ilham çəkir. Əgər başqa bir peşəni seçsəydi, yəqin ki, həmin sahənin də zirvəsində olardı, amma sənət dünyası belə bir dəyərdən məhrum qalardı. Yaxşı ki, bu yol onu seçdi, o da bu yolda iz saldı.

Əliqismət müəllimin ömür yolu çox maraqlıdır. Mədəniyyətin daha çox inkişaf elədiyi, bunun üçün yaxşı şərait olduğu mərkəzdə deyil, əyalətdə – Salyan rayonunda dünyaya göz açıb. Ailələri rayonun tanınmış ailələrindən olub. Bu ailədə böyüyən 6 uşaqdan biri olub Əliqismət Lalayev.

Əlbəttə, belə mühitdə formalaşmaq, özünü tapmaq, xüsusən də sənət yolunu seçmək asan deyildi. Amma ailənin elmə və mədəniyyətə hörmət ruhu, valideyn qayğısı və övladlarına aşıladığı zəhmət sevgisi onun xarakterində dərin iz buraxıb. Bu mühitdə böyüyən uşaq bir gün milli səhnənin yaddaşına çevriləcəkdi.

Əliqismət Lalayev ilk əmək fəaliyyətinə – erkən yaşlarından klub müdiri kimi başlayıb.
Bəli, bu onu böyük sənətə aparan ilk başlanğıcı olub. Amma təbii ki, bu sənət yanğısı ilə yaşayan Əliqismət müəllim üçün kiçik bir təsəlli idi. Qarşıda isə onu daha qaynar bir sənət yolu gözləyirdi.

O yolun hər addımında zəhmət, inam və qətiyyət vardı. Hər səhnə – yeni bir başlanğıc, hər tamaşa – daxili yanğının növbəti alovu idi. Klub müdiri kimi çalışdığı dövrdə belə, o, sırf təşkilati və inzibati işlərlə kifayətlənməyib. Yaradıcılıqla yaşayıb – tamaşalar qurub, gəncləri bir araya toplayıb, onlara səhnənin sirli pərdəsini açıb. O dövrdə cızdığı yol, sonradan onun sənətdə imzasına çevriləcək dəyər sisteminin ilkin cizgiləri idi.


1975-ci ildə Əliqismət Lalayev Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinin tələbəlik adını daşımağa başlayır. Ali məktəb auditoriyası, tanınmış sənətçilərlə gündəlik təmaslar, sevimli müəllimlər. Tələbə Əliqismət Lalayev arzuladığı bir aləmə düşmüşdü. Necə deyərlər, bu mühitdə bişmirsənsə, bacarığını ortaya qoya bilmirsənsə, günahkar özünsən.

Bu institut – sadəcə təhsil ocağı deyil, həm də ruhların sənətlə yoğrulduğu bir yaradıcı məkandı. Gündəlik mühazirələr, məşqlər, tamaşa analizləri, səhnə sınaqları Əliqismət müəllimin daxilindəki sənət enerjisini alovlandırırdı. O illər – bir tərəfdən zəhmət, digər tərəfdən sonsuz həzz illəri idi. Yeri gələndə gecə saatlarına qədər teatrlarda çalışmaq, səhərlər məşq zalına ilk daxil olan olmaq – bu onun üçün adi bir tələbə qaydası yox, bir həyat fəlsəfəsi idi.

Bu sənət ocağının cazibəsinə düşən Əliqismət Lalayev bir də onda ayıldı ki, beş illik tələbə həyatına əlvida deməyin vaxtıdır.

Və fərqlənmə diplomla məzun kimi təyinatla qədim Naxçıvana yola düşdü. İlk dəfə qədəm basdığı qədim Naxçıvan torpağı Əliqismət Lalayev üçün doğma bir məkana çevrildi. Nə az, nə çox – düz 8 il bu torpağın havasını uddu, suyunu içdi, çörəyini yedi. Bölgənin sənət adamları ilə qaynayıb qarışdı. Naxçıvan MR-ın Mədəniyyət Nazirliyində çalışdığı bu illər onun gələcək karyerasında mühüm rol oynadı.

Əslində bu dövr onun üçün həm məktəb, həm də imtahan idi. Naxçıvanın zəngin mədəniyyət mühiti, füsunkar tamaşaları və dərin köklərə söykənən teatr ənənəsi ilə tanışlıq Əliqismət müəllim üçün yeni imkan qapıları açdı. Bu torpaqda o, sadəcə işləmədi – həm də öyrəndi, araşdırdı, müasir baxışlarla yerli ənənələri necə ahəngdar şəkildə birləşdirməyi öyrəndi. Bölgənin ziyalıları və sənət adamları ilə apardığı diskussiyalar, təşkil etdiyi tədbirlər onun zəngin daxili dünyasına rəng qatdı.

Naxçıvandan sonra doğulub–boya–başa çatdığı rayona – Salyana qayıdan Əliqismət Lalayev rayon Mədəniyyət şöbəsinə rəhbərlik etməyə başladı. Rayonda Əliqismət müəllimi yaxşı tanıyırdılar, istedadına yaxşı bələd idilər. Və Əliqismət Lalayevin gəlişi ilə Salyan rayonunda mədəniyyət sahəsində ciddi dönüş yarandı, mədəniyyət müəssisələrinin fəaliyyəti canlandı.

Onun gəlişi ilə yalnız tədbir qrafikləri dəyişmədi, həm də ruh dəyişdi. Klub və mədəniyyət evlərində səslənən mahnılar, səhnəyə çıxarılan tamaşalar, təşkil olunan poeziya və musiqi axşamları – hamısı yeni bir nəfəs aldı. O, mədəniyyəti məhdud zal divarlarından çıxararaq geniş kütləyə çatdırmağı bacardı. Hətta kənd mədəniyyət evlərində belə onun təşkilatçılığı ilə keçirilən tədbirlər rayonda böyük maraqla qarşılanırdı.

Mədəniyyət işinin vurğunu Əliqismət Lalayev işindən zövq alırdı. Onun rəhbərliyi altında hazırlanan musiqi tədbirləri rayon əhalisini razı salırdı.

Zövqlə qurulan repertuarlar, hər yaş qrupuna xitab edən proqramlar, yerli istedadlara yaradılan şərait – bütün bunlar rayon sakinlərinin mədəni həyata daha fəal şəkildə cəlb olunmasına gətirib çıxarırdı. Əliqismət müəllim üçün mədəniyyət təkcə tamaşa deyil – bu, insanın düşüncə tərzidir, dünyagörüşüdür, iç dünyasının səsidir. O bu səsləri eşidir, dirçəldir və birlikdə ahəngdar bir simfoniya yaratmağı bacarırdı.

Ancaq bir gün bu işlə də vidalaşmaq lazım gəldi. Əliqismət müəllimi mərkəzə dəvət edirdilər. 1993-cü ildə Bakıya gələn Əliqismət Lalayevi Azərbaycan Dövlət Filarmoniyasına direktor müavini vəzifəsinə təyin etdilər. Əliqismət müəllimin qarşısında geniş üfüqlər açılmışdı.

Bu artıq regional miqyasdan milli arenaya keçid idi. Filarmoniya – ölkənin mədəni ritmini müəyyənləşdirən baş ünvanlardan biri idi. Hər konsert, hər tədbir, hər artist – bir diplomatik missiya qədər önəm daşıyırdı. Əliqismət müəllim bu məsuliyyətin ağırlığını öz çiyinlərində sevə-sevə daşıdı. O, təşkilatçı kimi yalnız tədbirlərin ardıcıllığını yox, həm də onların ruhunu, dərinliyini, tamaşaçı ilə arasında qurulan duyğusal körpünü nəzərə alırdı.

Ölkədə keçirilən bütün mədəni-kütləvi tədbirlərin əsas ağırlığı Azərbaycan Dövlət Filarmoniyasının, o cümlədən Əliqismət Lalayevin üzərinə düşürdü. Ona inanırdılar, ona güvənirdilər.

Bu inam isə illərlə qazanılmış etibarın, sədaqətin və fədakarlığın nəticəsi idi. Filarmoniyanın arxivlərində qalan o illərin afişaları, səhnəarxası fotoları, yaradıcı heyətin xatirələri bir şeyi təsdiqləyir: burada təşkilatçılıq bacarığı ilə sənət hissiyyatı mükəmməl bir vəhdət təşkil etmişdi.

Cəmi 2 il sonra o, Respublika Mədəniyyət Nazirliyində daha məsul bir vəzifəyə – İncəsənət Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olundu.

Bu vəzifə artıq mədəni prosesləri idarə etmək, sənət siyasətinin vektoru olmaq demək idi. Bu vəzifədə Əliqismət müəllim bir çox yeniliklərə imza atdı, sənət sahələrinin sistemli inkişafı üçün proqramlar hazırlandı, regionlarla mərkəz arasında mədəni dialoq gücləndi. Onun təşəbbüsü ilə səhnə sənətləri, musiqi, rəqs və digər incəsənət növləri üzrə istedadların üzə çıxarılması üçün tədbirlər həyata keçirildi.

Məhz həmin ildən başlayaraq Azərbaycan mədəniyyətinin bir çox xarici ölkələrdə təbliğində onun əvəzsiz xidmətləri vardır. Belə ki, Amerika, Avstriya, Almaniya, Misir, Səudiyyə Ərəbistanı, Ukrayna, Türkiyə kimi ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin təşkilinin əsas təşkilatçısı Əliqismət Lalayev olur.

Bu tədbirlər təkcə konsertlərdən ibarət deyildi – milli dəyərlərin tanıdılması, Azərbaycanın zəngin musiqi irsinin və teatr məktəbinin dünyaya təqdimatı idi. Onun rəhbərliyi və təşkilatçılığı ilə xaricdə keçirilən bu mədəniyyət günləri milli mədəniyyətimizin pasportu rolunu oynayırdı.

Artıq 15 ildən çoxdur ki, Əliqismət Lalayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrına rəhbərlik edir. Azərbaycan Teatr Xadimlərinin İttifaqının, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əliqismət müəllim bu gün də böyük coşqu və həvəslə xalqımıza xidmət edir.


“Əliqismət müəllimlə söhbətimiz zamanı o, teatr haqqında düşüncələrini də bizimlə bölüşdü. Bu hissələr onun sənətə necə bağlandığını bir daha təsdiqləyir:

“Teatr həyatımızın aynasıdır. Hələ yarandığı zamandan belə, teatr insanlar üçün bayram, görüş yeri, istirahət yeri olub. Ən yaxşı bəstəkarlar teatr üçün ən yaxşı musiqilərini bəstələyib, ən yaxşı yazıçılar teatr üçün dram əsərlərini, pyeslərini yazıblar, ən yaxşı rəssamlar teatr üçün rəsmlərini çəkiblər. Ona görə, teatrın incəsənət sahəsində rolu əvəzedilməzdir. Yəni incəsənətdə ən böyük profitlərdən birincisi mən deyərdim ki, teatrdır. Bəlkə ona görə belə deyirəm ki, bütün ömrümü teatra həsr etmişəm. Mən hələ uşaqlıqda dram dərnəklərində olurdum. Onda 12-13 yaşlarım var idi. Zaman-zaman həmişə teatra bağlı olmuşam. İstər məmur olduğum vaxtlarda teatrlar mənim nəzarətimdə olub, ölkə teatrlarının fəaliyyətinə mən rəhbərlik etmişəm, indi də biz Musiqili Teatrda çalışırıq.
Musiqili Teatrın ölkə teatrları arasında xüsusi yeri var. Tamaşaları, aktyorları, orda yaradılan iş prosesi ilə tam fərqli teatrdır. Mən bunu tam cəsarətlə deyirəm. Düşünürəm ki, teatrsevərlərin hamısı bilir ki, Musiqili Teatrda nələrə baxa bilərlər, nələr daha çox xoşlarına gəlir.
Bizim işin qiymətini tamaşaçı verir. Biz teatr haqqında ən gözəl sözləri söyləyə bilərik. Mən çox istərdim ki, tamaşaçılar özləri desinlər ki, teatr onların həyatında nədir…
Mənim bircə arzum var ki, teatr hər kəsin həyat tərzinə çevirilsin. Hər kəs bilsin ki, bu həftə heç olmasa yeni bir tamaşaya baxacaq. Əlavə etmək istəyirəm ki, bu gün Azərbaycan teatrları yaxşı mənada bir-birilə rəqabətdə yaşayırlar. Hər gün yeni tamaşalar yaranır, hər gün yeni afişalar, qastrollar, rayon teatrlarının Bakıya səfərləri, teatrların rayonlarda, bölgələrdə çıxışları - bu tədbirlər insanların həyatına dinamika gətirib. İnanın ki, bu hərakat festival şəkilində keçirilib. Nə qədər gözəl həvəslə festivalda iştirak etdim.
Bu gün Azərbaycan teatrı dünyanın müxtəlif yerlərinə qastrollara gedir. Yəni indi Azərbaycan teatrının səsi xaricidən, müxtəlif ölkələrdən, festivallardan, qastrollardan gəlir. Buna görə çox sevinirəm.
Mən milli teatrımıza nə arzulayardım? Biz tamaşalarımızı necə insanları sevərək, tamaşaçıları düşünərək hazırlayırıq və bunun arxasında tamaşaçılara nə qədər sevgimiz dayanır, arzu edərdim ki, insanlar da teatrları beləcə sevsinlər. Bizim qədər sevsinlər. Onda mənə elə gəlir ki, qarşılıqlı sevgi çox uğurlarla nəticələnə bilər”.

P.S. Teatr onun əllərində təkcə səhnə ocağı yox, həm də sənət laboratoriyasına çevrilib. O, burada həm klassik, həm müasir tamaşaların ərsəyə gəlməsində yaradıcı ruh, tərbiyəçi təcrübəsi və təşkilatçı bacarığını vəhdət halında cəm edə bilib. Gənc aktyorların yetişdirilməsi, yeni rejissor yanaşmalarının dəstəklənməsi və teatrın texniki imkanlarının müasirləşdirilməsi onun rəhbərliyində prioritet olub.

Fəxri Mədəniyyət işçisi Əliqismət müəllimin qurub-yaratmaq əzmi bu gün də çox yüksəkdir. Ürək cavandır hələ.
Qoy həmişə belə olsun, Əliqismət müəllim!








Müəllif: Fuad BİLƏSUVARLI,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident mükafatçısı





Chosen
14
4
aia.az

10Sources