EN

Azərbaycan-Özbəkistan: strateji müttəfiqlik münasibətləri regional əməkdaşlıq, təhlükəsizlik və inkişafa xidmət edir

Heydər Əsədov

Milli Məclisin deputatı

İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində dövlət başçılarının mətbuata verdiyi bəyanatlar iki ölkənin əməkdaşlığının yeni mərhələsini ifadə etməklə strateji müttəfiqliyin dərinləşdiyini göstərir. Dövlət başıları tərəfindən səsləndirilən fikirlər qardaş ölkələrin regional və qlobal miqyasda qarşılıqlı dəstəyə əsaslanan siyasətinin bariz nümunəsi kimi dəyərləndirilir.

Azərbaycan və Özbəkistan dövlətləri arasında münasibətlər 1995-ci ildən diplomatik əlaqələrin qurulması ilə başlanmış və zamanla dərin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki ölkənin qədim tarix və mədəniyyətə malik olması münasibətlərin möhkəm təməlini qoymuşdur. Müstəqillik illərində bu dost dövlətlər yeni formalaşan beynəlxalq sistemdə bir-birini dəstəkləyərək siyasi-iqtisadi inkişaflarını əməkdaşlıq yolu ilə təmin etməyə yönəlmişdir. Ötən müddət ərzində bir çox yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə təkan vermişdir.

2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” dövlətlər arasında müxtəlif sahələrdə birgə addımlar atmağı, regional problemlərin həllində qarşılıqlı dəstək verməyi nəzərdə tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son illərdə dövlətlərarası ticarət dövriyyəsi artmış, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı və emalı sahəsində yeni imkanlar açılmışdır. İki ölkə arasında təsis edilən Birgə İnvestisiya Fondu strateji layihələrin həyata keçirilməsi üçün mühüm maliyyə resursları təmin edir və bu, regionun iqtisadi inteqrasiyasını sürətləndirir.

Azərbaycan və Özbəkistan Asiyadan Avropaya doğru şaxələndirilmiş nəqliyyat infrastrukturu yaratmaq üçün birgə çalışır. Bu çərçivədə Orta Dəhliz layihəsi nəqliyyat və logistika sahəsində regionu birləşdirən əsas körpüyə çevrilir. Yeni nəqliyyat marşrutlarının açılması dövlətlərarası tranzit potensialını artırır və regional iqtisadi inteqrasiyanın möhkəmlənməsinə təkan verir. Avtomobil yollarının yenilənməsi və hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq iki ölkənin beynəlxalq əlaqələrində müstəsna rol oynayır. Bu sahədə əməkdaşlıq eləcə də Çinlə Avropa arasında ticarət dəhlizlərinin təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir: “Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın xüsusi dəstəyi diqqətəlayiqdir. Füzuli rayonunda inşa edilən Mirzə Uluqbəy adına məktəb və Xankəndidə açılan tikiş fabrikinin Özbəkistan tərəfindən maliyyələşdirilməsi bu dost dövlətin ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini və sosial-iqtisadi bərpa prosesinə töhfə verdiyini nümayiş etdirir. Həmin layihələr bölgədə dayanıqlı inkişafın təməlini qoyur, iş yerlərinin yaradılması və yerli əhalinin sosial rifahının artırılması baxımından önəmlidir. Özbəkistanın bu təşəbbüsləri, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilir.

İki ölkə regional təhlükəsizlik məsələlərində həmrəylik nümayiş etdirir, xüsusilə Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Bu siyasi dialoq regionda qarşılıqlı anlaşma və əməkdaşlığın genişlənməsinə, çağırışların birgə həllinə zəmin yaradır.

Turizm sahəsində qarşılıqlı təşəbbüslərin artırılması, kənd təsərrüfatı məhsullarının mübadiləsi və təhsil sahəsində əməkdaşlıq proqramlarının genişləndirilməsi də gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir. İki ölkə arasında mütəxəssis mübadiləsi və texnoloji transferin artırılması isə rəqabət qabiliyyətinin yüksəlməsinə və innovativ inkişafın sürətlənməsinə töhfə verir.

Nəticə olaraq Azərbaycan və Özbəkistan arasındakı əlaqələr həm qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır, həm də strateji müttəfiqlik səviyyəsinə çatmışdır. Ortaq tarixi və mədəni dəyərlər üzərində qurulan bu münasibətlər iqtisadi inkişaf, regional təhlükəsizlik və mədəni əlaqələrin dərinləşdirilməsi baxımından nümunəvi model olaraq qalır. Regionda sülh, sabitlik və davamlı yüksəlişə xidmət edən bu əməkdaşlıq gələcəkdə yeni istiqamətlər üzrə inkişaf edəcəkdir.

Chosen
16
50
sabahinfo.az

10Sources