Çilinin Rio-Hurtado şəhərində NASA tərəfindən maliyyələşdirilən ATLAS (Asteroid Yerə Təsir Son Xəbərdarlıq Sistemi) tədqiqat teleskopu ilk dəfə ulduzlararası fəzadan yaranan kometanın müşahidələrinin nəticələrini açıqlayıb. Oxatan bürcü istiqamətindən gələn ulduzlararası kometa rəsmi olaraq 3I/ATLAS adlandırılıb. Hazırda o, Yerdən təxminən 670 milyon kilometr məsafədə yerləşir.
AZƏRTAC NASA-nın məlumatına istinadla xəbər verir ki, bu kəşfdən əvvəlki müşahidələrin məlumatları dünyanın müxtəlif yerlərində yerləşən üç fərqli ATLAS teleskopunun arxivindən və Kaliforniyanın San-Dieqo qraflığındakı Palomar Rəsədxanasından toplanılıb. Həmçinin çoxsaylı teleskop əlavə müşahidələr barədə NASA-ya məlumat verib.
Kometa Yer üçün heç bir təhlükə yaratmır və azı 1,6 astronomik vahid (təxminən 240 milyon kilometr) məsafədə qalacaq. O, hazırda Günəşdən təxminən 4,5 astronomik vahid (təxminən 670 milyon kilometr) məsafədədir. Kometa 210 milyon kilometr məsafədə - Marsın orbitinin tam daxilində Günəşə ən yaxın nöqtəyə oktyabrın 30-da çatacaq.
Ulduzlararası kometanın ölçüsü və fiziki xüsusiyyətləri bir çox ölkənin astronomları tərəfindən araşdırılır. 3I/ATLAS sentyabr ayına qədər yerüstü teleskoplarla görünə biləcək, bundan sonra onu müşahidə etmək üçün Günəşə çox yaxın məsafədən keçməsi kosmik teleskop ilə qeydə alınacaq. Dekabrın əvvəlində bu kometanın Günəşin əks tərəfində yenidən peyda olacağı gözlənilir ki, bu da müşahidələrin yenilənməsinə imkan verir.