EN

Politoloq: "Tarixi İpək Yolunun bərpası artıq reallaşır"

"Azərbaycan-Özbəkistan münasibətləri sözün əsl mənasında strateji tərəfdaşlıq, böyük inam və etimad münasibətləridir.  Prezidentlərin dediyi kimi, ölkələrimizin çox böyük bağlılıqları var. Bu bağlılıqlar tarixdən irəli gəlir və biz onların dəyərini bilirik. Dəyərlər ilk növbədə bizim xalqlarımızı birləşdirirlər".

Bu sözləri Demokrat.az-a açıqlqmasında politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, biz Oğuz-Türk mədəniyyətinin, özbəklər isə Qıpçaq və Türküstan mədəniyyətinin öncülləridir:

"Tarixə nəzər salsaq görərik ki, keçmişdə də əcdadlarımızın bir-birinə bağlılığı və ticari əlaqələri olub. İndiki zamanda isə bu əlaqələrin yenidən intibah dövrünü yaşaması xalqlarımız üçün çox vacib və faydalı görünür.

Baxmayaraq ki, aramızda məsafə var, Azərbaycan Qafqazın öncül dövləti, Özbəkistan isə Mərkəzi Asiyanın lideri kimi imkanlarını birləşdirir. Biz artıq inteqrasiyanı gücləndirmişik, neft-qaz, energetika, nəqliyyat, mədəni əlaqələr, humanitar sahədə də ciddi əməkdaşlıqlar edirik".

Onun sözlərinə görə, energetika sahəsində hər iki ölkə böyük potensiala malikdir:

"Elektrik enerjisi istehsalı, onun Avropaya daşınması, yaşıl enerji imkanları baxımından da diyaloq qurulub. Transxəzər xətti həm Azərbaycan, həm Özbəkistan üçün vacibdir. Biz Avropanın enerji təhlükəsizliyində də birlikdə iştirak edirik.

Strateji tərəfdaş tapmaq çətindir, amma biz həm keçmişi, həm də bugünkü prioritetləri əsas götürərək bir-birimizi tamamlayırıq. Prezidentlərin iştirakı ilə vacib sənədlər imzalanıb. Əməkdaşlıq və kooperasiya güclənir, diyaloq isə dinamik inkişaf etməlidir. Tez-tez nümayəndə heyətlərinin təması, məsləhətləşmələr bu prosesin əsas hissəsidir".

Politoloq qeyd edib ki, təhlükəsizlik məsələləri də vacibdir:

"Dəhlizlərin əhəmiyyəti artır. Biz Çin və Avropa arasında qərar tutmuşuq, bu isə logistik və tranzit baxımından böyük imkanlar deməkdir. Orta dəhliz – yəni tarixi İpək Yolunun bərpası artıq reallaşır. Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər Türk dövlətləri bir dalğada birləşir, bir-birini tamamlayır.

Türkiyə, Çin, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi platformalarda da bir yerdəyik. Hətta sənaye və təhlükəsizlik sahələrində də bir-birimizdən uzaq durmuruq. Azərbaycan–Özbəkistan münasibətləri bu gün artıq dünya miqyasında təkmil model kimi qəbul olunur və bu da xalqlarımız üçün böyük ümidlərin reallaşması deməkdir".


Əfsanə Kamal
Demokrat.az
Chosen
8
50
demokrat.az

10Sources