EN

"Əsas məqsəd azarkeşlərimizin görməyə alışdığı “Qəbələ”ni ortaya çıxarmaqdı" - Səfiyarlı

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı "Football-plus.az"a müsahibə verib.

– Səbuhi bəy, komanda təlim-məşq toplanışına başlayıb. Ümumi vəziyyət nə yerdədi?
– Hər şey qaydasındadı. İşlər plan üzrə görülür. Heyəti gücləndirmək istəyirik. Bununla bağlı danışıq apardığımız futbolçular var. Yaxın günlərdə yenilikləri azarkeşlərimizlə bölüşəcəyik. Hər halda, heyətdən ayrılmayan bütün futbolçular toplanışdadı.

– Legioner limitinin ləğvi heyətin formalaşdırılması prosesinə nə dərəcədə təsir edəcək?
– Demək olar ki, hansısa ciddi təsiri olmayacaq. Ümumiyyətlə, heyətdə ciddi dəyişiklik etmək istəmirik. Onsuz da büdcəsi aşağı olan klublar bunu edə bilməz. Müəyyən rüsum məbləğləri var ki, bütün komandalar bunu qarşılamaq iqtidarında deyil. Uzağı 12 legionerimiz ola bilər. Planımız 9 əcnəbi futbolçu transfer etməkdi, qalan oyunçular yerli olacaq. Əsas heyətə akademiyamızdan da 3-4 futbolçu cəlb etmək niyyətimiz var.

– Maliyyədən söz düşmüşkən, “Qəbələ”nin maddi gücü hansı səviyyədədi? Klubun öz maliyyə dayaqları varmı?
– Klubun ayaqda qala bilməsi çün maliyyə yardımını əsirgəməyən dostlar var. Hər birinə təşəkkür edirik. Müəyyən sponsorlarımız olsa da, xüsusi baş sponsorumuz yoxdu. “Qəbələ”ni öz səviyyəsində saxlamağa çalışırıq. Düzdü, mətbuatda bu barədə başqa sözlər oxuyuruq. Lakin həqiqəuyğun bilgilər deyil. Şişirdilmiş rəqəmlərdi.

– Bildiyimizə görə, “Qəbələ”nin Bakıda, yoxsa doğma rayonda məskunlaşacağı da qətiləşməyib...
– Elədi. Əlbəttə, bizim üçün Qəbələdə məskunlaşmaq daha ürəyəyatandı. Ancaq bunun üçün bəzi məsələləri həll etməliyik. Hazırda bu şərtlərə uyğun legionerlərlə müqavilə imzalamağa çalışırıq. Hər şey hadisələrin axarından asılıdı. İyulun sonunda qəti qərarımızı verəcəyik.

– Komandanın yeni mövsümdə hədəfi nə olacaq?
– Bu sualı Fariz müəllim (“Qəbələ”nin prezidenti Fariz Nəcəfovu nəzərdə tutur – red.) də cavablayıb. “Qəbələ”nin adına uyğun pillələrdən birində qərarlaşmaq istəyirik. Təbii ki, əllimizdən gələn qədər yüksək yerlər uğrunda mübarizə aparacağıq. Lakin hər şey seleksiyadan, təlim-məşq prosesinin necə keçməsindən asılıdı. Bu məsələlərdə kadr və heyət amili çox vacibdi. İşlər tamamlanandan sonra daha dəqiq nəsə demək olar. Əsas məqsəd azarkeşlərimizin görməyə alışdığı “Qəbələ”ni ortaya çıxarmaqdı.

KƏNAN BAHADIR

Chosen
15
39
football-plus.az

10Sources