EN

Ərdoğan Azərbaycanda keçirilən İƏT-in 17-ci Zirvə görüşü ilə bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ilə bağlı paylaşım edib.

Far.Az xəbər verir ki, paylaşımlar Rəcəb Tayyib Ərdoğanın rəsmi sosial media hesabları vasitəsilə edilib.

"Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatımızın 17-ci Zirvə Toplantısını başa çatdırdıq. Ümid edirəm ki, bugünkü məsləhətləşmələrimiz və iyulun 1-dən qadınlar, gənclər və bizneslə bağlı keçirilən forumlar ölkələrimiz və regionumuz üçün faydalı olacaq.

Ticarətdən nəqliyyata, ətraf mühitdən tutmuş enerjiyə qədər geniş potensiala malik olan təşkilatımızın bu Zirvə toplantısının iqlim dəyişikliyinə diqqət yetirməsini son dərəcə məqsədəuyğun hesab edirəm. Türkiyə öz güclü təcrübəsini və ən yaxşı nümunələrini təşkilatımızla bölüşməyə hazırdır. 100 milyard dollarlıq regional ticarət həcmi hədəfimizi daha yüksək səviyyələrə çatdırmaq üçün hamımız birlikdə addımlar atmalıyıq. İnanıram ki, təşkilatımızın növbəti on ilini formalaşdıracaq İqtisadi Əməkdaşlıq 2035-in Strateji Məqsədləri Sənədi də bizim üçün yol xəritəsi olacaq. İqtisadiyyat və ticarətlə yanaşı, turizm sahəsində əməkdaşlıq da təşkilatımızın qarşısında ayrıca vəzifə qoyur. 2025-ci il turizm paytaxtı Ərzurumda keçirilən 6-cı Turizm nazirləri görüşündə alınan qərarların bizə faydalı olacağına inanıram.

Bu münasibətlə Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə dostum, Prezident İlham Əliyevin timsalında bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Bu gün bizimlə olan əziz qardaşım, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı ən səmimi hisslərimlə salamlayıram. İnanıram ki, təşkilatımız 2012-ci ildən müşahidəçi üzv olan və onillərdir ədalətsiz təcridə məruz qalan kiprli türk qardaşlarımızla həmrəyliyini artırmağa davam edəcək", - paylaşımda qeyd olunub.

Chosen
12
50
far.az

10Sources